Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BP Eksploreyşn (Kaspian Si) Limited şirkəti arasında Anlaşma Memorandumu və nazirliklə BMT-nin Əhali Fondu arasında Niyyət Protokolu imzalanıb

Əhali sakinliyinin inkişafı və demoqrafiya sahəsində müfəssəl tədqiqatların aparılması sahəsində birgə əməkdaşlığın həyata keçirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BP Eksploreyşn (Kaspian Si) Limited şirkəti arasında Anlaşma Memorandumu, eyni zamanda, nazirliklə BMT-nin Əhali Fondu arasında Niyyət Protokolu imzalanıb.
Nazirliyin tabeliyindəki DOST Agentliyində keçirilən tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Qəri Counz, BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Fərid Babayev, Çex Respublikasının Karlov Universitetinin professoru Tomaş Kuçera iştirak edib. Qonaqlar tədbirdən əvvəl DOST Agentliyi və Agentliyin 1 saylı DOST Mərkəzi, burada əhaliyə “bir pəncərə”dən, vətəndaş məmnunluğu prinsipi əsasında göstərilən xidmətlərlə tanış olublar.
Sənədlərin imzalanması tədbirində S.Babayev Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizdə dayanıqlı inkişafın əldə olunduğunu, bu inkişafın nəticələrindən biri kimi, respublikamızda müsbət demoqrafik vəziyyətin mövcud olduğunu bildirib. O qeyd edib ki, inkişaf etmiş ölkələrdən fərqli olaraq əhalinin sayının azalması Azərbaycan üçün xarakterik olmasa da, ölkədə demoqrafik təhlükəsizliyin təmin olunması aparılan siyasətin əsas istiqamətləri sırasındadır. Bu məqsədlə dolğun proqnozlaşdırma sisteminin yaradılması böyük əhəmiyyət kəsb edir.
Nazir diqqətə çatdırıb ki, Şərqi Avropa və MDB dövlətləri arasında ilk dəfə olaraq Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1999-cu il tarixli 290 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası” təsdiq edilib.
S.Babayev deyib ki, 2003-cü ilin əvvəlindən ölkə əhalisinin sayı 20,1 faiz artaraq 2019-cu il 1 oktyabr tarixinə 10 044,5 min nəfər təşkil edib. Təbii artım göstəricisi əhalinin hər 1000 nəfərinə hesabı ilə 7,9 nəfərdən 8,4 nəfərə, doğulanların sayı 13,9 nəfərdən 14,1 nəfərədək artıb. Ölənlərin sayı isə 6,0 nəfərdən 5,7 nəfərədək azalıb. Hazırda Azərbaycan Avropa və MDB ölkələri sırasında demoqrafik baxımdan cavan yaş strukturuna malik az sayda olan ölkələrdən biridir. Əhalinin tərkibində 0-14 yaş qrupunda olan əhalinin payı 22,4 faiz, 15-64 yaş qrupunda 70,8 faiz, 65 yaşdan yuxarı 6,8 faiz, 15-29 yaşda olan əhali (gənclər) 23,3 faizdir.
Nazir qeyd edib ki, əməkdaşlıq barədə sənədləri imzalayan Tərəflər beş illik layihə çərçivəsində Çexiya Respublikasının Karlov Universitetini cəlb etməklə Azərbaycanda əhali sakinliyinin inkişafı və demoqrafiya sahəsində tədqiqatların aparılması, demoqrafik proqnozların hazırlanması, mükəmməl proqnozlaşdırma metodologiyasının tətbiqi və milli kadr potensialının formalaşdırılması sahəsində birgə fəaliyyətlər həyata keçirəcəklər.
Sosial sahədə aparılan islahatları diqqətə çatdıran S.Babayev cari ildə dövlət başçısının uğurlu sosial islahat paketləri nəticəsində minimum əmək haqqının 93 faiz, minimum pensiyanın 72 faiz, müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırıldığını, bu və digər sosial önəm kəsb edən tədbirlərin 4,2 milyon vətəndaşın rifahına ciddi dəstək olduğunu qeyd edib. O, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsinin dövlət sosial xidmətlər sferasına gətirdiyi və bu xidmətlərdə vətəndaş məmnunluğunu təmin edən innovativ yeniliklər, DOST konsepsiyasının mahiyyəti və məqsədləri barədə məlumat verib. Nazir həmçinin əmək, məşğulluq, sosial təminat sahələrində elektron xidmətlərin tətbiqini, bu xidmətlərin proaktiv əsasda qurulması istiqamətində atılan ardıcıl addımları diqqətə çatdırıb.
Q.Counz öz çıxışında bildirib ki, Azərbaycanın ən iri neft və qaz layihələrinin əməliyyatçısı olan BP şirkəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıqdan çox məmnundur. Bu gün imzalanan sənədlər çərçivəsində həyata keçiriləcək birgə layihə ölkənin əhali potensialından ən faydalı və səmərəli şəkildə istifadə olunması üçün böyük imkanlar açır.
Q.Counz ölkədə etibarlı demoqrafik proqnozlaşdırma sisteminin və bacarıqlarının inkişafının düzgün planlaşdırmanı təmin etməklə, demoqrafik təhlükəsizliyə və sosial-iqtisadi siyasətin dayanıqlığına öz dəyərli töhfəsini verəcəyinə əminliyini ifadə edib.
F.Babayev diqqətə çatdırıb ki, hazırda Azərbaycan da daxil olmaqla bütün dünya ölkələri Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq istiqamətində öhdəlikləri yerinə yetirməyə çalışırlar. Lakin uğurlu davamlı inkişaf demoqrafik proseslərin və müxtəlif sosial-iqtisadi göstəricilərin qarşılıqlı əlaqəsini hərtərəfli və müntəzəm öyrənmək və təhlil etmək məqsədi ilə proqnozlaşdırma sistemi yaratmaq üçün institusional yanaşmanın təmin edilməsini tələb edir. Məhz buna görə, bu gün aidiyyəti qərarları qəbul edərkən əhalinin say və yaş tərkibində baş verə biləcək dəyişiklikləri nəzərə almaq olduqca böyük əhəmiyyət kəsb edir.
T.Kuçera layihə çərçivəsində görüləcək işlərdə öz töhfəsini vermək əzmində olduğunu deyib.
Daha sonra Tərəflər arasında sənədlər imzalanıb.



Xəbərlər  Tarix:   13 Dek 2019 / 23:55


« Əvvəlki xəbər (4358 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR