Aqrar Elm və İnnovasiya Mərkəzi Neft-Kimya Prosesləri İnstitutu ilə birgə üzvi gübrənin tətbiqini həyata keçirəcək

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzində AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasovla görüş keçirilib.
Mərkəzin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru İmran Cümşüdov nazirlik ilə AMEA arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən, birgə elmi tədqiqatların aparılması, pestisid və üzvi gübrələrin təcrübələrinin təşkili və nəticələrin fermerlərə çatdırılması istiqamətində görülən işlərdən danışıb.
Daha sonra akademik Vaqif Abbasov çıxış edərək əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərinə dair fikirlərini bölüşüb. O, institutda yaradılmış, Yüksək Texnologiyalar Parkının rezidenti olan “İNKOR” MMC ilə birgə istehsal edilən “Azofos-K” üç qida elementli gübrə barədə məlumat verib. Bildirib ki, gübrə Şamaxıda süfrə üzüm bağlarının 28 hektarında və Ağsu rayonundakı 290 hektar nar bağında istifadə edilib. Üzüm bağlarına hektara 214 kiloqram gübrə verilib, nəticədə 252 tondan çox məhsul əldə olunub. Nar bağlarına isə hər hektara 110 kiloqram “Azofos-K” gübrəsi verilib və hər hektardan 15 ton məhsul yığılıb.
Vaqif Abbasov qeyd edib ki, bu gübrə zərərli komponentlərə, o cümlədən nitrat azotuna malik deyil, səmərəlidir, maye halda olduğundan daşınması, saxlanması və damcı üsulu ilə sahəyə verilməsi asandır. O, “Azofos-K” gübrəsinin əkinlərdə tətbiqi ilə bağlı maarifləndirmə tədbirlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
Görüşdə sözügedən gübrənin fermer təsərrüfatlarında tətbiqi imkanları müzakirə olunub, regional Aqrar Elm və İnnovasiyalar mərkəzlərində təcrübələrin aparılması və təbliği qərara alınıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.



Xəbərlər  Tarix:   27 Fev 2020 / 12:57


« Əvvəlki xəbər (3903 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR