İrəvan Teatrı “Xocalıya ədalət!” kompozisiyasını təqdim edib

əfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının səhnəsində şairə-dramaturq Azadə Talehin “Xocalı şəhidim Şöhrət Həsənov” adlı poeması əsasında hazırlanmış “Xocalıya ədalət!” kompozisiyasını təqdim edib.
Tədbir Xocalı qurbanlarının xatirəsinin bir dəqiqəlik yad edilməsi ilə başlanılıb.
Tədbiri İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev açaraq bildirib ki, İrəvan Teatrı həmişə öz repertuarında milli-vətənpərvərlik mövzulu əsərlərə önəm verir. Qeyd edib ki, kompozisiya teatr tərəfindən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına töhfə vermək məqsədilə səhnələşdirilib.
Şairə-dramaturq Azadə Taleh, Anadolu Aydınlar Ocağının rəhbəri, professor İbrahim Öztek, Xocalı şəhidi Şöhrət Həsənovun həyat yoldaşı Mehriban Əliyeva, Xocalı şəhərinin keçmiş prokuroru Atakişi Atakişiyev çıxış edərək 28 il bundan qabaq Xocalı faciəsi zamanı Azərbaycan xalqının o dəhşətli, faciəli gecədə başına gətirilən bəlalardan, Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətli faktlarından danışıblar.
Sonda “Xocalıya ədalət!” kompozisiyası nümayiş olunub. “Mistik ritual” formasında hazırlanan tamaşa erməni vəhşiliyi, erməni vandalizmindən bəhs edir.
Kompozisiyanın quruluşçu rejissoru Nicat Mirzəzadə, quruluşçu rəssam Vahid Mürsəliyev, musiqi tərtibatı Çingiz Xəlilov, rejissor assistenti Bəhruz Hikmətoğludur.
Rollarda Əməkdar artistlər Tünzalə Əliyeva, Xatirə Süleymanova, aktyorlar Səmayə İsmayılova, Niyaməddin Səfərəliyev, Müdvər Nemətova, Anar Buludov, Arzuman Tanrıverdi, Sevinc Hüseynova, Sevinc Bəxtiyar, Xədicə Məmmədova, Pərvin Dadaşova, Zəki Fətəliyev, Fərid Vəliyev, Samir Əliyev və Səbinə İmanverdiyeva çıxış ediblər.



Xəbərlər  Tarix:   28 Fev 2020 / 21:27


« Əvvəlki xəbər (3881 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR