Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısı keçirilib

Fevralın 28-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edib.
Tədbirdə Gürcüstan, Türkiyə, Bolqarıstan, Serbiya, İtaliya, Yunanıstan, Rumıniya, Türkmənistan, Xorvatiya, Monteneqro və Macarıstan, Boyük Britaniya və ABŞ-ın energetika nazirləri, nazir müavinləri və müxtəlif dövlət qurumlarının təmsilçiləri, o cümlədən Avropa Komissiyasının Enerji Direktorluğunun Baş Direktorunun müavini Klaus-Dieter Borchardt iştirak ediblər. Tədbir iştirakçıları arasında BP, SGC, BOTAŞ, TPAO, TANAP, TAP, SNAM, Fluxys, İCGB AD, Transgaz, SNGN Romgaz SA, UNİPER Global, Bulgargaz EAD, SACE, Plinacro şirkətləri, eləcə də Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı kimi beynəlxalq maliyyə qurumları təmsil olunub.
Əvvəlcə toplantının iştirakçıları birgə foto çəkdiriblər. Azərbaycanın Energetika naziri Pərviz Şahbazov toplantı iştirakçıları adından Cənub Qaz Dəhlizi layihəsinə göstərdiyi davamlı dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Qeyd edib ki, ölkə başçısının təşəbbüsü sayəsində təsis edilmiş Məşvərət Şurası onun rəhbərliyi və tövsiyələri əsasında səmərəli və çoxtərəfli əməkdaşlıq formatı kimi illər ötdükcə Cənub Qaz Dəhlizi layihəsinin icrasına mühüm töhfələr verib: “Məşvərət Şurasının toplantılarında tərəfinizdən qaldırılan məsələlər, Sizin aydın strateji baxışınız və qətiyyətli mövqeyiniz 2020-ci ilin sonunadək Cənub Qaz Dəhlizini tamamlamaq üçün bizim əlaqələndirilmiş işimizdə əsas amillər olaraq qalmağa davam etmişdir”.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev nitq söyləyib. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin altıncı toplantısında iştirak edən ölkələrin yüksək səviyyəli nümayəndələrini salamlayıb və tədbirdə iştiraka görə təşəkkürünü bildirib. Dövlət başçısı deyib ki, bu əməkdaşlıq formatının təşəbbüskarı olaraq Azərbaycan böyük qürur hissi keçirir ki, illər ərzində Məşvərət Şurası nəhəng Cənub Qaz Dəhlizi layihəsinin icrasında bütün səyləri gücləndirən çox səmərəli işçi mexanizmə çevrilib. “Biz bütün tərəfdaşlarımıza, ilk növbədə, Cənub Qaz Dəhlizinin üzvləri olan tərəfdaş ölkələrə - Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyaya minnətdarıq. Bu ölkələr Azərbaycana çox yaxındırlar və mən bu ölkələrin dövlət və hökumət başçıları ilə çoxsaylı görüşlərimi xatırlayıram. Yalnız bu ilin iki ayında Türkiyə, İtaliya və Gürcüstanın dövlət və hökumət başçıları ilə görüşlərim, həmçinin bizim yaxın əməkdaşlığımızı nümayiş etdirir. Üç gün bundan əvvəl Türkiyə Prezidenti bizim qonağımız idi. Biz bu baxımdan nələrə nail olduğumuzu və gələcək planları müzakirə etdik. Bir həftə bundan əvvəl İtaliyaya dövlət səfəri çərçivəsində bu ölkənin Prezidenti və Baş Naziri ilə görüşlərim zamanı biz bu mühüm layihəni müzakirə etdik. Yanvar ayının sonunda Gürcüstanın Baş Naziri ilə keçirdiyim görüş bizə nailiyyətləri nəzərdən keçirməyə və gələcək addımlarımızı planlaşdırmağa imkan yaratmışdır. Hesab edirəm, Cənub Qaz Dəhlizi layihəsinin üzv ölkələrindən ibarət bu nadir tərkib onu nümayiş etdirir ki, ümumi amal ölkələri birləşdirə bilər. Əminəm ki, Cənub Qaz Dəhlizi layihəsi tamamlanandan sonra bizim çoxtərəfli əməkdaşlığımız digər sahələrdə davam edəcək”.
İlham Əliyev Birləşmiş Krallıq və Amerika Birləşmiş Ştatları hökumətlərinə Azərbaycanın təşəbbüskarı olduğu layihələrə davamlı dəstəyinə görə təşəkkürünü bildirib. 1990-cı illəri xatırlayaraq qeyd edib ki, o zaman Azərbaycan öz neft və qaz potensialını xarici investorlar üçün açıq elan edib. Azərbaycan Xəzər regionunda xarici şirkətlərə sərmayə yatırmaq və Xəzər dənizində neft əməliyyatlarını aparmaq imkanını verən ilk ölkə idi. Ötən 25 ildən artıq müddət ərzində Amerika Birləşmiş Ştatları və Birləşmiş Krallığın hökumətləri Azərbaycanla sıx tərəfdaşlıq edərək Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz xətti və Cənub Qaz Dəhlizi kimi nəhəng layihələrin icrasına böyük töhfələr verib.
Dövlət başçısı həmçinin Avropa Komissiyasına minnətdarlıq edərək, 2011-ci ildə Avropa Komissiyası və Azərbaycanın Bakıda Cənub Qaz Dəhlizi layihəsi üzrə Birgə Bəyannamə imzaladığını və bunun faktiki olaraq həmin layihənin icrasında başlanğıc mərhələsi olduğunu deyib: “Həmin Bəyannamədə biz açıq-aydın bəyan etdik ki, bu, strateji layihədir və layihənin icrası üçün səylərimizi əsirgəməyəcəyik. Mən 2011-ci ildə Bakıda bu sənədi birgə imzaladığımız Avropa Komissiyasının sabiq prezidenti cənab Barrozuya şəxsi minnətdarlığımı bildirmək istəyirəm. O, Azərbaycana iki dəfə səfər etmişdir. Həmçinin Azərbaycana iki dəfə səfər etmiş və sonuncu dəfə keçən ilin iyulunda təşrif buyurmuş, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın gücləndirilməsində çox önəmli rol oynamış Avropa İttifaqı Şurasının sabiq prezidenti cənab Tuska da təşəkkürümü bildirmək istəyirəm. Həmçinin Avropa Komissiyasının sabiq komissarı cənab Ottingerə də çox minnətdar olduğumuzu qeyd etmək istəyirəm. O, bu layihənin icrasına yaxından cəlb edilmiş Avropa İttifaqının ilk komissarı olmuşdur. Həmçinin vitse-prezident Şevçoviçi qeyd etmək istəyirəm, o, indi vitse-prezident vəzifəsində işini davam etdirir, lakin digər sektorlara cəlb olunub. Amma Cənub Qaz Dəhlizi üzərində işləyərkən o, həmişə illik toplantılarda bizimlə birlikdə idi və əməkdaşlığımız konkret nəticələrə gətirib çıxarmışdır”. İlham Əliyev bu layihəni icra etməyə kömək göstərmiş beynəlxalq maliyyə institutlarının - Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və digər banklarıın dəstəyini də yüksək qiymətləndirib. “Biz çox nadir əməkdaşlıq formatını müəyyən etdik. Əlbəttə ki, Azərbaycan layihənin təşəbbüskarı, investoru və ev sahibi olaraq bu təşəbbüsə start verdi. Bu təşəbbüs bizim qonşularımız Türkiyə və Gürcüstan tərəfindən dəstəklənmişdir. Bu ölkələrlə biz əvvəllər enerji resurslarının nəqli və infrastrukturu üzrə mühüm layihələr icra etmişik. Sonra bu təşəbbüs yeni tərəfdaşlar - onlardan üçü Avropa İttifaqının üzvü olan İtaliya, Yunanıstan və Bolqarıstan, həmçinin Albaniya tərəfindən dəstəklənmişdir. Sonra isə yeni və potensial tərəfdaşlar - anlaşma memorandumlarını imzaladığımız ölkələr olan Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro bu təşəbbüsə qoşulmuşdur. Həmçinin bu gün bu masada biz Macarıstan, Rumıniya, Serbiya və Türkmənistanın nümayəndələrini görürük və onların burada iştirakı bu layihəyə maraqlarının olduğunu nümayiş etdirir. Hesab edirəm ki, qarşıdan gələn illərdə biz əməkdaşlığımızı gücləndirəcəyik və ola bilsin, bütün ölkələr arasında daha geniş əməkdaşlıq formatını yaradacağıq və hətta, ola bilsin, burada iştirak etməyən ölkələr gələn ilin fevral ayında bizə qoşulacaq”.
Dövlət başçısı iştirakçıları gələn ilin fevralında qonaq olaraq Bakıya dəvət etdiyini deyib: “Çünki hesab edirəm ki, TAP-ın tikintisinin tamamlanması bizim komanda işimizin sonu demək deyil. Düşünürəm ki, gələn ilin fevral ayında burada - Bakıda bir çox məsələləri nəzərdən keçirmək lazımdır. Sonra da biz gələcək üçün strategiyamızı hazırlayacağıq. Keçən ilin fevral ayında biz 2018-ci ilin iyununda Türkiyə bazarına çatan TANAP-ın hissəsinin uğurla tamamlanması barədə məlumat verdik. Bu dəfə isə biz qürur hissi ilə artıq Türkiyə-Yunanıstan sərhədinə çatmış TANAP-ın tamamlandığını bildiririk. Bu, bizim meqalayihəmizin icrasında çox mühüm mərhələdir. Bu gün Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması vəziyyətinin çox yüksək olduğu və sizə də yaxşı məlum olduğu kimi, TAP layihəsinin təqribən 92 faiz tamamlandığı bir vaxtda ümid edirəm ki, bu ilin sonuna kimi biz Cənub Qaz Dəhlizi layihəsinin açılışını qeyd edəcəyik”.
Dövlət başçısı vurğulayıb ki, bütün səylər konkret nəticələr verdikdən sonra geriyə baxdıqda Azərbaycanın qarşısında müstəqillik illərinin əvvəlində hansı çağırışların olduğunu, bir gün, 30 ildən daha az müddətdə ölkənin beynəlxalq tərəfdaşları ilə birlikdə belə böyük uğura nail olacağını və dünya ölkələrini maraqlandıran, dünya miqyasında layihələrin təşəbbüskarı olacağını, tərəfdaşları ilə birlikdə onları uğurla icra edəcəyini təsəvvür etmək mümkün deyildi. Bu layihələrin hər biri - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, digər kəşfiyyat və hasilat layihələri, Cənub Qaz Dəhlizi, həmçinin Bakı-Tbilisi-Qars kimi nəqliyyat layihəsini də strateji əhəmiyyətə malikdir. Onların hər biri ölkəmiz və xalqımız, bu layihədə iştirak edən bütün ölkələr üçün dayanıqlı, uğurlu və əminəm ki, çiçəklənən inkişafı təmin edəcəkdir.
İlham Əliyev 1990-cı illərdə Azərbaycanda hökm sürən siyasi vəziyyəti yada salaraq 1993-cü ilin oktyabrında Heydər Əliyevin prezident seçilməsindən sonra Azərbaycanın sabitlik, inkişaf və tərəqqi yoluna qədəm qoyduğunu diqqətə çatdırıb. Bildirib ki, o zaman dövləti qurmaq üçün əsas yollardan biri güclü iqtisadiyyatın yaradılması idi və xarici investisiyalar olmadan bu mümkün deyildi. Ona görə də investisiya yatırmaq üçün xarici şirkətləri cəlb etmək çox aydın idi, lakin haraya investisiya yatırılmalı idi? “Xarici şirkətlərin maraq göstərə biləcəyi yeganə sahə neft sahəsi idi. Lakin Azərbaycan çox riskli ölkə hesab olunurdu, burada xarici şirkətlərin nümayəndələri özlərini çox narahat hiss edirdilər, onlar üçün hətta qala biləcəkləri normal otellər mövcud deyildi. Əlbəttə ki, bu vəziyyətdə investisiyaları cəlb etmək asan vəzifə deyildi. Lakin biz bunu edə bildik və 1994-cü ilin sentyabr ayında “Azəri-Çıraq-Günəşli” yataqları üzrə müqavilə Azərbaycan və xarici şirkətlərdən ibarət konsorsium tərəfindən imzalandı. Bu, bizim tərəqqiyə, çiçəklənməyə və inkişafa doğru yolumuzun əvvəli idi”.
Prezident qeyd edib ki, Azərbaycanın müasir tarixində neft amili həlledici rol oynayıb. Keçmişdə - Azərbaycan müstəqil olmadığı zaman, ilk dəfə neft Bakıda çıxarılıb və dünyadakı ilk quyu qazılıb. Azərbaycanın müstəqil olmadığı zamanlarda 1 milyard tondan çox neft hasil edilib. “Əgər həmin vaxt Azərbaycan müstəqil olsa idi, biz bu gün dünyada ən varlı və çiçəklənən ölkələrdən biri ola bilərdik. Lakin həmin təbii sərvətlər Azərbaycan xalqının maraqlarına xidmət etmirdi. Yalnız biz müstəqil olduqdan sonra bu, baş verdi”. Dövlət başçısı deyib ki, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması təkcə kommersiya layihəsi deyildi. “Bu, bizim üçün həyatda qalmaq layihəsi idi. Bu, bizim üçün dövlətçiliyimizi, iqtisadiyyatımızı gücləndirmək, insanlarımızın daha yaxşı həyatını təmin etmək layihəsi idi. Bunlar hamısı baş verdi. Bizim nümunəmizdə neft lənət deyildi. Neft uğur qazanmaq, güclü ölkə qurmaq, insanlara normal həyat vermək, sabitlik, təhlükəsizlik, qonşularımızla harmoniyada yaşamaq üçün vasitələrdən, ən vacib vasitələrdən biri idi”. Bildirilib ki, 1996-cı ildə “Şahdəniz” sazişi imzalanıb. Həmin vaxt qaz ölkələrin enerji təhlükəsizliyində o qədər də vacib amil deyildi. Ona görə də “Şahdəniz” sazişinin imzalanması 1994-cü ildə “Azəri-Çıraq-Günəşli” kontraktının imzalanması qədər vacib hesab olunmayıb. Lakin onu vaxtında etmək müdrik addım olub. Daha sonra 1997-ci ildə müqavilədə müəyyən edilmiş ərazidən ilk neft çıxarılıb. “Bu baxımdan, düşünürəm ki, bu da rekord idi. Çünki adətən xarici investorlarla müqavilənin imzalanması ilə ilk karbohidrogen ehtiyatlarının çıxarılması arasında vaxt 3 ildən çox olur. Bizdə isə bu, 3 il oldu və bu, bizə imkan verdi ki, iqtisadiyyatın digər sektorlarına investisiya yatırmağa başlayaq. 2002-ci ildə əsas neft boru kəmərinin tikintisi ilə bağlı qərar artıq həyata keçirilmişdi. Çünki Bakı-Tbilisi-Ceyhan kəmərinin praktiki tikintisi başlamışdı. Bundan əvvəl bizim neftimizi Rusiya, Gürcüstan və Qara dəniz limanlarına çatdıran iki boru kəməri Bakı-Novorossiysk və Bakı–Supsa artıq istifadəyə verilmişdi. Ona görə də Bakı-Tbilisi-Ceyhanın 2006-cı ildə açılışı ölkəmizin inkişafında digər bir mərhələ idi. Çünki ondan sonra biz gəlirlər əldə etməyə, infrastruktura və insan kapitalına investisiya yatırmağa başladıq. 2007-ci ildə isə Azərbaycan ilk dəfə beynəlxalq qaz ixracatçısına çevrildi, Bakı-Tbilisi-Ərzurum qaz boru xətti açıldı. Biz hesab edirik ki, planlaşdırdıqlarımızın əksəriyyəti uğurla yerinə yetirildi. Lakin qarşımızda yeni çağırışlar var idi. Biz “Şahdəniz”in, “Şahdəniz-2” layihəsinin tam miqyasda işlənilməsinə başlamalı idik. Əsas qaz boru xətti sistemi olmadan bu, imkansız idi. Ona görə də konsorsium tərəfdaşlarla razılığa gəlmək, yekun investisiya qərarı vermək üçün bizi gözləyirdi və biz buna nail olduq. 2012-ci ildə Azərbaycan və Türkiyə Trans-Anadolu boru kəmərinin - TANAP-ın tikintisi ilə bağlı müqavilə imzaladı. Bundan əvvəl qeyd etdiyim kimi, biz 2011-ci ildə Avropa Komissiyası ilə birgə bəyannamə imzaladıq. Bundan sonra beynəlxalq konsorsium “Şahdəniz-2” ilə bağlı yekun investisiya qərarını verdi və uğurla aparılmış tikintiyə praktiki olaraq start verildi. 2018-ci ildə biz artıq Bakıda - Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılışını etdik və iyunda TANAP-la qaz Türkiyə bazarına çatdı. Artıq dediyim kimi, ötən ilin noyabrında TANAP Avropa sərhədlərinə çatdı. TAP-ın icrası artıq 92 faiz tamamlanıb. Beləliklə, bu, bizim hamımızın uğur hekayəsidir”.
Dövlət başçısı Məşvərət Şurasının bu layihənin həyata keçirilməsindəki vacib rolunu vurğulayıb. Bildirib ki, hər il çoxsaylı görüşlər, məsləhətləşmələr keçirilir və layihəni irəliyə aparmaq üçün vacib qərarlar verilir. Azərbaycan bu müddət ərzində təkcə təchizatçı deyil, həm də etibarlı tranzit ölkəyə çevrilib. “Xəzərin şərq sahillərində yerləşən ölkələr beynəlxalq bazarlara öz karbohidrogen ehtiyatlarını Azərbaycan ərazisindən nəql edirlər. Həmçinin Rusiya şirkətləri tərəfindən bu ölkənin Xəzər dənizi sektorundan çıxarılan neft bizim sistemimiz - Bakı-Tbilisi-Ceyhan vasitəsilə beynəlxalq bazarlara nəql edilir. Beləliklə, biz artıq tranzit ölkəyik. Tranzit ölkə kimi rolumuz əminəm ki, artacaq”. İlham Əliyev tranzit ölkə kimi Azərbaycanın nəqliyyat sektorunun sürətli inkişafını da stimullaşdırdığını qeyd edib və bu sektorun Avrasiya nəqliyyat qovşağı kimi mövqelərimizi gücləndirməyə kömək edəcəyini vurğulayıb. Dövlət başçısı Azərbaycanın Xəzərdəki ən böyük donanması, 5 ulduza layiq görülmüş Heydər Əliyev Beynəlxalq hava limanı, müasir dəmir yolu sistemi barədə danışaraq, Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən, Azərbaycan dəmir yollarının səmərəliliyinə görə dünyada 12-ci yerdə, hava yollarının səmərəliliyinə görə dünyada 11-ci yerdə, yolların keyfiyyətinə görə dünyada 27-ci yerdə, infrastrukturun keyfiyyətinə görə isə 34-cü yerdə olduğunu diqqətə çatdırıb.
Ilham Əliyev Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılmasında iştirak edən və fəal investisiya yatıran yeganə ölkə olduğunu qeyd edib. “Bu gün biz artıq ölkəmizdən keçən Şimal-Qərb nəqliyyat dəhlizi və hələ ki, istismara verilməyən, lakin potensialı olan Cənub-Qərb nəqliyyat dəhlizi barədə danışırıq. Həmçinin demək istərdim ki, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” Azərbaycanın yeganə böyük sərvəti deyil. Baxmayaraq ki, onlar həqiqətən də böyük sərvətdir. Çünki Azərbaycanın və BP-nin müqavilənin müddətinin 2024-ci ildən 2050-ci ilə qədər uzadılması ilə bağlı müqaviləni imzalaması faktı onu göstərir ki, “Azəri-Çıraq-Günəşli”nin potensialı həqiqətən də böyükdür. Əgər əvvəllər yatağın neft potensialını 500 milyon ton ehtimal edirdiksə, hazırda bu, 1 milyard tondan qat-qat çoxdur. Əminəm, yeni texnologiyalar imkan verəcək ki, biz daha çox neft hasil edə bilək”.
Dövlət başçısı bildirib ki, ölkənin təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Proqnozlaşdırılan ehtiyatlar 3 trilyon kubmetr civarındadır. Ona görə də Azərbaycan 100 ildən çox müddət üçün karbohidrogen ehtiyatlarının etibarlı təchizatçısı olacaq. “Bu gün ənənəvi tərəfdaşlarımızla, - “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” konsorsiumlarına rəhbərlik edən və strateji tərəfdaşımız olan BP ilə “D 2030” adlandırılan layihə üzərində çalışırıq. Bu, 2018-ci ildə qüvvəyə minib. BP ilə birlikdə biz “Şəfəq- Asiman” qaz yatağı üzərində çalışırıq və ilk quyu çox tezliklə qazılmalıdır. Biz BP ilə, həmçinin “Dayazsulu” adlandırılan layihə üzərində çalışırıq. Bu layihənin aşkar edilməyən yataqlar baxımından böyük potensialı var, çünki o, sahilə çox yaxın yerləşir və bizim ənənəvi hasilatımız dənizdə aparılırdı. Gələn il biz “Total”la 300 milyard kubmetr qaz potensialı olan “Abşeron” yatağından qaz hasilatına başlayacağıq. SOCAR fəal şəkildə “Ümid-Babək” yatağının işlənilməsi ilə məşğuldur. Hazırda “Ümid” yatağının gündəlik hasilatı 3 milyon kubmetr qazdır. Bu yatağın potensialı 200 milyard kubmetrdən çoxdur. “Equinor”la birlikdə biz “Qarabağ yatağı” üzərində çalışırıq. Mənə verilən məlumata görə, kəşfiyyat quyusu çox tezliklə qazılmalıdır. Beləliklə, bunların hamısı Azərbaycanın gələcək potensialının göstəricisidir. Üstəgəl, “Azəri-Çıraq-Günəşli”də böyük həcmdə dərin qaz yataqları var və SOCAR ilə BP arasında bu istiqamətdə danışıqlar çox uğurla gedir. Ümid edirəm ki, tezliklə biz razılığa gələ biləcəyik. Beləliklə, bunlar hamısı, beynəlxalq bazarlarda iştirakımızın genişləndirilməsi, şaxələnmiş üsullarla karbohidrogen ehtiyatlarımızın ixracı və xalqımız üçün daha yaxşı şəraitin yaradılmasından ibarət olan strateji məqsədlərimizin həyata keçirilməsinə töhfə verəcək. Bu, bizim məqsədimizdir və dövlətçiliyimizin gücləndirilməsidir”.
Dövlət başçısı bildirib ki, əsas məqsədimiz nefti - “qara qızıl”ı insan kapitalına çevirmək olub. “Son 16 ildə Azərbaycanda yoxsulluq səviyyəsinin təxminən 50 faizdən 4,8 faizə düşməsi faktı onu göstərir ki, iqtisadi inkişaf və neft-qaz layihələri insanlara daha yaxşı həyat sürməyə kömək edib. Bu müddət ərzində bizim iqtisadiyyatımız 3,4 dəfə artıb. Bu, dünya rekordudur. Son 16 ildə xarici ticarətimiz 6,4 dəfə artıb. Bizim birbaşa xarici borcumuz ümumi daxili məhsulun yalnız 17 faizini təşkil edir. Sərbəst konvertasiya olunan valyuta ehtiyatlarımız xarici borcdan 6 dəfə çoxdur. Başqa sözlə, biz xarici borcu istədiyimiz vaxt bağlaya bilərik”.
Dövlət başçısı qeyd edib ki, Dünya Bankı “Doing Business” hesabatında Azərbaycanı ən islahatçı 20 ölkədən biri hesab edir. “Bu ilin yanvarında Azərbaycan ilə Davos Dünya İqtisadi Forumu arasında Bakıda “Davos Dördüncü Sənaye İnqilabı Mərkəzinin yaradılması haqqında niyyət protokolu” imzalandı. Bu, Qafqaz və Mərkəzi Asiyanı əhatə edəcək regional mərkəzdir. Azərbaycan ona görə seçildi ki, çünki bizim sənayemiz, qeyri-neft sənayemiz sürətlə inkişaf edir. Təkcə ötən il qeyri-neft sənayesində inkişaf təxminən 14-15 faiz idi. Bu il ümid edirik ki, artım daha çox və ya eyni səviyyədə olacaq”.
Azərbaycan Prezdenti neft və qaz layihələrindən danışarkən enerji təhlükəsizliyi məsələsinin vacibliyini də qeid edib. Bildirib ki, Azərbaycan özü və qonşuları üçün enerji təhlükəsizliyini təmin edən ölkədir. “Enerji resurslarının şaxələndirilməsi ən vacib məsələlərdən biridir. Burada, əlbəttə, mənbələrin şaxələndirilməsi ən vacib məsələdir. Bizim nümunəmizdə isə mənbələrin və marşrutların şaxələndirilməsindən söhbət gedir. Həmçinin düşünürəm ki, bizim uğurumuzun əsas səbəblərdən biri maraqların balansıdır - hasilatçılar, tranzit ölkələr və istehlakçılar arasındakı balans. Əminəm ki, aramızdakı bu müsbət əməkdaşlıq formatı davam edəcək”.
Azərbaycanın Energetika naziri Pərviz Şahbazov Məşvərət Şurasının üzvləri adından ətraflı və məzmunlu nitqinə görə Prezident İlham Əliyevə təşəkkür edib və çıxış üçün sözü Avropa Komissiyasının nümayəndəsi, Avropa Komissiyasının Enerji Məsələləri üzrə Baş Direktorluğunun baş direktorunun müavini, doktor Klaus-Diter Borchardta verib.
Avropa Komissiyasının nümayəndəsi Klaus-Diter Borchardt Məşvərət Şurası çərçivəsində nazirlərin altıncı iclasında Avropa İttifaqı adından çıxış etməyin şərəf və böyük məmnuniyyət olduğunu deyib. O, Məşvərət Şurasının bu iclasının tamamilə özəl bir iclas olduğunu vurğulayıb. “Prezident Əliyevin Cənub Qaz Dəhlizinin böyük mərhələləri ilə bağlı bizə verdiyi məlumatdan görə bilərsiniz ki, bütün bunlara 2011-ci ildə start verilib. Biz indi, sadəcə, 2020-ci ildəyik və buna nail olunması özlüyündə tamamilə inanılmazdır. Düşünürəm ki, “Şahdəniz-2” yatağından hasil edilən qazın ilin sonunadək Avropa İttifaqına - İtaliyaya qədər nəqli ilə bağlı sadə fakt bizim hamımız üçün fantastik nailiyyət olacaq. Prezident Əliyevin indicə qeyd etdiyi kimi, Avropa İttifaqı üçün əlbəttə ki, bu layihə həyati əhəmiyyət kəsb edir. Çünki bu, bizim enerji təhlükəsizliyimizi gücləndirir, həmçinin bizim şaxələndirmə strategiyamızın bir hissəsidir, yeni mənbədir və eləcə də daha mühümü olan Avropa bazarına yeni marşrutdur”.
Klaus-Diter Borchardt bütün bu illər ərzində bu layihələrə göstərdiyi idarəçiliyə və rəhbərliyə görə Prezident Əliyevə və tərəfdaş ölkələr – Türkiyə, Gürcüstan, Albaniya, Yunanıstan, İtaliya və Bolqarıstana təşəkkür edib. Qeyd edib ki, hər bir tərəfin bu layihə ilə bağlı baxışları və konkret səylər olmasaydı, bu layihə heç vaxt həyata keçməzdi. O, Amerika Birləşmiş Ştatlarının da bu layihəyə dəstəyini yüksək qiymətləndirib və layihə üzrə çalışan şirkətlərə də təşəkkür edib.
Klaus-Diter Cənub Qaz Dəhlizinin genişləndirilməsi məsələsinə diqqət yetirib. Bildirib ki, bu elə gözəl layihədir ki, onu, sadəcə, 10 milyard kubmetr üçün istifadə etmək olmaz. “Beləliklə, ilk sual belədir: Bizim yeni istiqamətlərimiz varmı? Bəli, bizim yeni istiqamətlərimiz var. Qərbi Balkan ölkələri var. Onlardan bəzilərinin nümayəndələri buradadır. Digər Avropa ölkələrinin - Macarıstanın, Rumıniyanın marağı var və başqaları da olacaq. Beləliklə, istiqamət aydındır və imkan var. Sual yaranır: Qazı haradan əldə edək? Bu məqamda, Prezident Əliyev, Sizin son kəşfiyyatlarla bağlı dedikləriniz çox ümidvericidir. Əgər bütün bunlar həyata keçsə, onda düşünürəm ki, bizim Cənub Qaz Dəhlizini 10 milyard kubmetrdən 20 milyard kubmetrədək və daha çox genişləndirmək üçün artıq çox yaxşı imkanımız var, çünki bu dəhlizin imkanı, texniki imkanı artıq mövcuddur”.
Klaus-Diter Avropa üçün yeni yaşıl paktın işlənib hazırlandığı barədə danışıb. Bildirib ki, Avropa yaşıl paktı Cənub Qaz Dəhlizinin inkişafı və ya hətta genişlənməsinə zidd deyil. Avropa yaşıl paktı qazı gələcək enerji sisteminin əsas komponentlərindən biri kimi ehtiva edir. “Siz neytral emissiyalı iqtisadiyyatı yalnız o halda inkişaf etdirə bilərsiniz ki, onu keçidin iqtisadi səmərəliliyini təmin etmək üçün təsirin ciddi qiymətləndirilməsinə əsaslandırasınız. Bizim indiyədək apardığımız müşahidələr və təhlillər tamamilə aydın şəkildə göstərir ki, bu keçid qazı ehtiva etməklə həyata keçirilməlidir. Hələ bir müddət bu, bizim ən yaxşı tanıdığımız qaz – təbii qaz olacaq. Lakin daha uzunmüddətli perspektivdə bu təbii qaz da neytral emissiyalı qaza çevrilməlidir. O, karbohidrogensiz olmalıdır. Bu, bizim hamımızın – qazı bizim gələcək enerji sistemimizin komponentlərindən biri kimi saxlamaqda maraqlı olanların və Avropa İttifaqının Paris sazişi çərçivəsində üzərinə götürdüyü öhdəliklərə həqiqətən əməl etməsini istəyənlərin qarşılaşa biləcəyi bir çağırışdır. Avropa İttifaqı bu mənada əməkdaşlıq üçün açıqdır. Biz Avropa yaşıl paktını qonşu ölkələrdən təcrid olunmuş şəkildə həyata keçirmək istəmirik. Biz uzunmüddətli perspektivdə təbii qazı dekarbonlaşdırmaq və iqlim dəyişikliyi ilə mübarizədən ibarət olan həllin bir hissəsinə çevirmək üçün tələb olunan texnologiyaların inkişafı sahəsində gələcək əməkdaşlığı səbirsizliklə gözləyirik”.
Doktor Borchardt Cənub Qaz Dəhlizi ilə bağlı gələcək əməkdaşlığın Cənub Qaz Dəhlizinin hamının qürur duyduğu layihə olaraq qalmasını təmin etmək baxımından həyati əhəmiyyət kəsb etdiyini də qeyd edib.
Daha sonra toplantı işini plenar sessiyalarla davam etdirib.
Azərbaycanın Energetika naziri Pərviz Şahbazov qlobal enerji təhlükəsizliyi layihəsi olan Cənub Qaz Dəhlizi üzrə nazirlərin budəfəki toplantısının özünəməxsus beynəlxalq əməkdaşlıq formatı kimi qiymətləndirilən Məşvərət Şurasındakı fəaliyyətin məqsədinə çatacağı ildə baş tutduğunu deyib. Bildirib ki, Cənub Qaz Dəhlizi planlaşdırılan vaxtda - 2020-ci ildə başa çatacaq. O, Cənub Qaz Dəhlizi üzrə tərəfdaş ölkələrin yüksək səviyyəli hökumət rəsmilərinə, dəhlizin ikinci fazasında layihəyə qoşulmaq niyyətində olan Balkan ölkələrinin - Monteneqro və Xorvatiyanın təmsilçilərinə, Məşvərət Şurasının toplantılarında iştirakları ilə layihəyə maraqlarını və böyük əhəmiyyət verdiklərini nümayiş etdirən Türkmənistan, Serbiya, Rumıniya və Macarıstan hökumətləri nümayəndələrinə təşəkkürünü bildirib.
Nazir 2011-ci ildən indiyədək Cənub Qaz Dəhlizi ideyasının bütün inkişaf mərhələlərində Azərbaycanla yaxından əməkdaşlıq edən, layihəyə hər cür zəruri dəstəyini verən və Məşvərət Şurasına həmsədrlik missiyasını daşıyan Avropa Komissiyasının rolunu xüsusi qeyd edib: “ABŞ və Birləşmiş Krallıq hökumətləri yalnız Cənub Qaz Dəhlizi deyil, 25 ildən artıq müddətdə Azərbaycanın təşəbbüskarı olduğu enerji təhlükəsizliyi ilə bağlı bütün layihələrə güclü və davamlı dəstək nümayiş etdirib. Enerji ilə möhkəmlənən yaxın tərəfdaşlığımız məqsədlərimizə çatmağa kömək edir. Əlbəttə layihə üzrə bugünkü uğurlarımız “Şahdəniz”, TANAP və TAP-a üzv olan şirkətlərin və maliyyə institutlarının səmərəli fəaliyyəti, güclü əzmi olmadan mümkün olmazdı”.
Cənub Qaz Dəhlizinin bütün seqmentləri üzrə görülmüş işlərə dair hesabatların dinlənildiyi birinci sessiyada çıxış edən BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib ki, bu layihənin reallaşdırılması üçün 7 ölkənin və hökumətin, Avropa İttifaqının, ABŞ-ın, bir çox müvafiq beynəlxalq təşkilatların, 4 ölkədəki tərəfdaşlarımızın və 11 alıcının dəstəyi, əməkdaşlığı və uzlaşması tələb olunurdu: “Xüsusilə qeyd etmək istəyirəm ki, Prezident İlham Əliyevin şəxsi iştirakı və dəstəyi “Şahdəniz-2” layihəsinin uğurla həyata keçirilməsində başlıca amil olub. Bu layihə haqlı olaraq dünyanın neft və qaz sənayesində indiyə qədər həyata keçirilmiş ən böyük və mürəkkəb layihələrdən biri hesab edilir”.
O qeyd edib ki, Cənub Qaz Dəhlizi layihəsi bütün aspektlərinə görə, o cümlədən fiziki ölçüləri, kommersiyalılığı və yataqdakı layların mürəkkəbliyi baxımından ümumilikdə nəhəng miqyasdadır. Hesab edirəm ki, çox insan bu layihənin reallaşdırılacağına ehtimal etmirdi, lakin bu vaxtadək möhtəşəm irəliləyiş əldə edilib – bu işlər təhlükəsiz şəkildə, qrafikdən öncə və büdcə daxilində tamamlanıb. Layihədə bu vaxtadək böyük irəliləyiş əldə olunub. Cənub Qaz Dəhlizinin BP tərəfindən idarə olunan hissələri – “Şahdəniz-2” və Genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri layihələri üzrə işlərin bir çoxu artıq tamamlanıb, bəziləri isə hələ də davam edir və növbəti bir neçə il ərzində davam edəcək.
Q.Counz bildirib ki, “Şahdəniz” çoxsaylı yüksək keyfiyyətli laylarda yerləşən 30 trilyon kubfutdan çox geoloji qaz ehtiyatına malik olan dünya səviyyəli karbohidrogen yatağıdır. Yatağın tammiqyaslı işlənməsi, yəni “Şahdəniz-2” layihəsi üzrə artıq nəhəng qurğu, habelə dənizdə və quruda yerləşən digər qurğuların yekun təhvil-təslimini həyata keçirilib. “Şahdəniz-2” iki qaz ixrac xətti və bir kondensat xətti vasitəsilə ixrac həyata keçirir. Bu vaxtadək “Şahdəniz-2” quyular proqramında mükəmməl irəliləyişə nail olunub və hazırda işlər qrafiki 2 il qabaqlayır. Yataqda ümumilikdə 26 quyudan 17-si qazılıb və 16-sı tamamlanıb. Yatağın şimal və qərb cinahlarındakı 8 quyunun hamısı uğurla işə salınıb və “Şahdəniz Bravo” üzrə hasilat işləri fəaliyyətə başladığı birinci ildə planı yerinə yetirib. Türkiyəyə qaz ixracı qrafikə uyğun olaraq 2018-ci il iyunun 30-da başlayıb. Planın yerinə yetirilməsində dünya səviyyəli Xəzər donanması işlərə yüksək səviyyəli dəstək verib. “Şahdəniz-2” quyularının qazılması və tamamlanması işləri 2025-ci ilədək davam edəcək, işə salınacaq növbəti cinah şərq-cənub cinahı (2021-ci il) olacaq və bunun ardınca isə qərb-cənub və şərq-şimal cinahları (hər ikisi də 2022-ci il) işə salınacaq. Hazırda bütün Genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri qurğuları artıq tam tamamlanıb və işlək vəziyyətdədir.
BP-nin regional prezidenti deyib ki, layihəyə cəlb olunmuş bütün tərəflər bu miqyasda və mürəkkəblikdə olan bir layihənin indiyədək təhlükəsiz, etibarlı və səmərəli şəkildə icrasından qürur duymalıdır: “Bu nəhəng layihə plana uyğun və nəzərdə tutulmuş büdcə daxilində irəliləyib və biz planlaşdırıldığı kimi, cari ilin sonunadək Avropaya ilk qazın çatdırılması üçün işləri qrafikə uyğun davam etdiririk. Layihə, həmçinin bu region üçün də unikaldır, belə ki, Cənub Qaz Dəhlizi ilk dəfə olaraq Xəzər regionunu birbaşa Avropa bazarlarına birləşdirəcək. Enerji müxtəlifliyini təmin etməkdən əlavə, bu layihə az karbonlu enerjiyə və daha təmiz dünyaya keçid etmək üçün görülən səylərə töhfə verəcək”.
TANAP-ın baş direktoru Saltuk Düzyol bildirib ki, Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP-la hazırda Azərbaycan təbii qazı Türkiyəyə nəql edilir. Növbəti mərhələdə isə boru kəməri Xəzərin Azərbaycan qazını avropalı istehlakçılara çatdıracaq. TANAP Türkiyənin Ardahan vilayətinin Posof qəsəbəsindən başlayaraq qardaş ölkənin ərazisi boyunca 20 şəhərdən, 67 qəsəbə və 600 kənddən keçən və Ədirnənin İpsala qəsəbəsində Avropaya çatan 1850 kilometrlik boru kəməridir. Azərbaycan qazını Türkiyəyə və Avropaya çatdıran TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşib. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca uzanan hissəsi isə 480 kilometrdir.
O vurğulayıb ki, TANAP layihəsi “Şahdəniz-2” yatağından və Xəzərin digər sahələrindən hasil edilən təbii qazın Türkiyə ilə Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin quru hissəsinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Kəmərin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. TANAP-dan Türkiyə qazpaylama sisteminə iki qol ayrılıb və onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir. Layihənin ilkin mərhələsində illik ötürücülük gücü 16 milyard kubmetr qaz təşkil edəcək.
“Enerjinin İpək yolu” adlandırılan TANAP regionun və Avropanın enerji təhlükəsizliyi üçün mühüm rol oynayır. Boru kəmərinin birinci fazası keçən il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb. Ötən il noyabrın 30-da isə Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. TANAP-la bu vaxtadək Türkiyəyə 4 milyard kubmetrdən çox Azərbaycan təbii qazı göndərilib”, - deyə S.Düzyol bildirib.
O deyib ki, Azərbaycan və Türkiyənin uzunmüddətli strateji enerji əməkdaşlığının ən mühüm bəhrələrindən olan TANAP layihəsi artıq tamamlanıb. Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP boru kəməri layihəsi də tamamlandıqdan sonra Azərbaycanın “Şahdəniz-2” layihəsi çərçivəsində çıxarılan təbii qaz TANAP və TAP kəmərləri vasitəsilə Avropaya nəql ediləcək.
TAP-ın icraçı direktoru Luca Schieppati isə qeyd edib ki, Azərbaycan təbii qazını Avropaya nəql edəcək TAP boru kəməri layihəsi üzrə işlərin 92 faizi tamamlanıb. Hazırda boru kəməri tikinti mərhələsindədir. TAP-ın inşası üzrə hər gün yüzlərlə metr ərazi təmizlənir, borular marşrut xətti boyunca düzülür, qaynaqlanır, xəndəyə endirilir və torpaq örtüyü bərpa olunur. TAP-ın quru hissəsində, Yunanıstan, Albaniya və İtaliya marşrutunda boruların hamısı torpağa basdırılıb. Üç ölkədə boruların 99 faizi marşrut xətti boyunca düzülüb və qaynaqlanıb. Həmçinin boru kəməri marşrutunun 99 faizində torpaq örtüyü bərpa edilib. TAP-ın ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Kipoidə (Yunanıstan), digəri isə Fierdə (Albaniya) olmaqla ümumilikdə 2 kompressor stansiyasının inşası tamamlanıb. Kompressor stansiyaları ilə yanaşı, Albaniyanın şərqində, Bilisht regionunun yaxınlığında ölçmə stansiyasının tikintisi də yekunlaşıb. İtaliyadakı təbii qazın qəbulu terminalının isə tikinti işlərinin 80 faizi başa çatıb. TAP-ın inşası çərçivəsində “Saipem” şirkətinin “Castoro 6” borudüzən gəmisi İtaliyanın San Foka bölgəsində işlərə başlayıb.
Bildirilib ki, ötən ilin noyabrında TAP-ın Yunanıstan hissəsində sınaq məqsədilə qaz nəqlinə başlanılıb. Növbəti aylarda isə Albaniya və İtaliyada boruların qazla doldurulmasına başlanılacaq. TAP vasitəsilə ticari məqsədlə qaz nəqlinin 2020-ci ilin oktyabrında, yəni İtaliyaya qədər olan hissənin tam istifadəyə veriləcəyi və sınaqdan keçiriləcəyi vaxtda gözlənilir.
“İtaliyanın Melendugno şəhərindəki 1,5 kilometrlik mikrotunelin inşası turist fəaliyyətləri və sahilboyu ətraf mühitə heç bir təsir və ya müdaxilə olmadan tamamlanıb. Boru kəmərinin İtaliya hissəsinin və qəbul terminalının tikintisinin tamamlanması üzrə işlər davam edir. Həmçinin TAP-ın İtaliyadan keçəcək təxminən 8 kilometrlik hissəsində borular xəndəyə endirilir”, - deyə o qeyd edib.
Vurğulanıb ki, Albaniya sularında dəniz borularının tikintisi artıq başa çatıb. Boru kəmərinin dəniz hissəsi Albaniya və İtaliya sahillərini bir-birinə birləşdirəcək və uzunluğu 105 kilometr olacaq. Adriatik dənizində boruların 37 kilometri Albaniya, 25 kilometri İtaliya, 43 kilometri isə beynəlxalq sularda döşənəcək. Boru kəməri dənizin 810 metrdən də çox dərinlikdəki hissəsindən keçəcək. TAP konsorsiumu təbii qaz tədarükçülərinin maraqlarını ifadə etməyə imkan verəcək bazar sınaqlarına da başlayıb. Məqsəd sonrakı mərhələdə TAP-ın genişləndirilməsi imkanlarını araşdırmaqdır.
Sessiyada İtaliyanın “Snam” şirkətinin beynəlxalq əlaqələr və biznesin inkişafı üzrə direktoru Alessandra Pasini təmsil etdiyi şirkətin TAP layihəsində 20 faizlik pay sahib olduğunu bildirib. Qeyd edib ki, “Snam” Azərbaycanla əməkdaşlığını genişləndirməkdədir. Belə ki, bərpaolunan qazların gələcəkdə Cənub Qaz Dəhlizi və TAP vasitəsilə nəqli nəzərdə tutulur. “Snam” TAP-ı İtaliyadakı “Snam Rete” qaz şəbəkəsinə birləşdirən 55 kilometrlik bir interkonnektorun inşasını da planlaşdırır.
Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) operatoru olan “ICGB AD” şirkətinin icraçı direktoru Teodora Georgieva deyib ki, IGB Avropa İttifaqında enerji bazarının təhlükəsizliyi və rəqabət qabiliyyətinin təminatı üzrə 7 prioritet layihələrdən biridir. Layihə Bolqarıstan və xüsusilə də, enerji istehlakı fosil yanacaqlardan asılı olan Cənubi-Şərqi Avropa üçün mühüm əhəmiyyət daşıyır. Bir milyard kubmetr Azərbaycan qazı IGB ilə Bolqarıstana nəql ediləcək.
Energetika naziri Pərviz Şahbazovun moderatorluğu ilə keçirilən ikinci plenar sessiyada Cənub Qaz Dəhlizinə üzv və layihəyə maraq göstərən ölkələrin təmsilçilərinin çıxışları dinlənilib.
Nazir qeyd edib ki, 2020-ci il Avropa ilə Xəzər regionunu nəhəng infrastruktur, eləcə də enerji təhlükəsizliyi və inkişaf məqsədləri ilə birləşdirən Cənub Qaz Dəhlizinin tam istismara veriləcəyi tarixdir və biz bu tarixi nailiyyətə etibarlı tərəfdaşlıq, güclü əməkdaşlığımızla imza atırıq. Ötən il TANAP-ın Yunanıstan sərhədinə qədər olan hissəsinin başa çatdırılması ilə Cənub Qaz Dəhlizinin üç seqmenti artıq uğurla tamamlanıb. TAP qaz boru kəməri üzrə də işlərin icra vəziyyəti göstərir ki, 2020-ci ilin ikinci yarısında Avropaya yeni mənbədən - Cənub Qaz Dəhlizi vasitəsilə “Şahdəniz” qazı çatdırılacaq.
O bildirib: “1994-cü ildən indiyə kimi Azərbaycanın enerji təchizatçısı kimi təcrübəsi də təsdiqləyir ki, Xəzər regionu, o cümlədən Azərbaycan Avropa üçün sabit və təhlükəsiz enerji mənbəyidir. Eyni zamanda, Gürcüstan və Türkiyədən keçməklə Avropaya uzanan boru kəmərləri sistemi etibarlı və təhlükəsiz marşrutdur. Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP 7 ölkəni əlaqələndirən bağlantılar, iqtisadi inteqrasiya və dünyanın enerji xəritəsinin yenidən tərtib vasitələridir. Azərbaycanın Cənub Qaz Dəhlizinin nümunəsində təşəbbüsü və bu təşəbbüsün birgə səylərimizlə inkişafı, tərəfdaşlarımız tərəfindən davamlı dəstəklənməsi tədarükün şaxələndirilməsi ideyasının mifdən reallığa çevrilməsində mühüm rol oynadı. Bu illər ərzində Avropanın təchizat, mənbə və marşrutların şaxələnməsinə, azad ticarətə, rəqabətə əsaslanan qaz bazarının yaradılması kimi strateji hədəflərinə doğru birgə, qətiyyətlə addımlamağa müvəffəq olduq. Bu layihə bir çox üstünlüklərinə görə təbii qazın enerji resursu kimi mövqeyinin möhkəmləndiyi, eyni zamanda boru kəməri ilə qaz təchizatı üzrə uzunmüddətli müqavilələrin yeniləndiyi və mayeləşdirilmiş təbii qazın (LNG) idxalının artdığı bir vaxtda reallaşır. Tam bir şaxələndirmə layihəsi olan Cənub Qaz Dəhlizi də Avropanın qaz bazarında tədarükün təhlükəsizliyini və rəqabət qabiliyyətini daha da artıracaq”.
Qeyd olunub ki, Cənub Qaz Dəhlizi istehsalçılara, ilk növbədə, Azərbaycana yeni qaz bazarlarına çıxışa və bu prosesin daim inkişaf etməsinə imkan yaradır. Qaz hasilatı ildən-ilə artan ölkəmiz üçün Cənubi Qaz Dəhlizi ilkin olaraq bazarları, alıcıları və ixrac marşrutlarını şaxələndirmək məqsədi daşıyır. Cənub Qaz Dəhlizi, eyni zamanda, gələcəkdə Xəzər hövzəsinin, Mərkəzi Asiyanın, eləcə də təchizatçı qismində iştirak etmək istəyən digər ölkələrin də Avropa bazarlarına çıxışına şərait yaradır. Cənub Qaz Dəhlizinin tam gücü ilə işə düşməsini və Avropaya qazın çatdırılmasını təmin edən əsas həlqə məhz TAP qaz boru kəməridir. Yunanıstan, Albaniya və İtaliyada TAP üzrə işlərin icrasını, xüsusilə İtaliya hökumətinin kəmərin tikintisinin sürətləndirilməsi ilə bağlı mövqeyini alqışlayırıq. Layihə üzrə işlərin 92 faiz icrası İtaliya hökumətinin layihəyə dəstəyinin göstəricisidir.
“İnanırıq ki, İtaliya hökuməti ilə birgə səylərimiz Avropanın enerji təhlükəsizliyinin təminatı üçün strateji əhəmiyyətə malik TAP layihəsinin vaxtında başa çatmasını təmin edəcək. TAP İtaliya istehlakçılarını da təhlükəsiz, şaxələndirilmiş və rəqabətədavamlı enerji ilə təmin edəcək. Eyni zamanda, İtaliyanın dekarbonizasiya məqsədinə çatmasına töhfə verəcək. TAP, həmçinin Cənub Qaz Dəhlizini Cənub-Şərqi Avropa və Balkanlarda planlaşdırılan Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB), İon-Adriatik qaz kəməri (IAP), eləcə də Rumıniya-Bolqarıstan, BRUA (Bolqarıstan-Rumıniya-Macarıstan-Avstriya) ilə əlaqələndirərək Bolqarıstan, Xorvatiya, Monteneqro, Bosniya və Herseqovina və Avropanın bir sıra digər ölkələri üçün geniş perspektivlər aça və bölgəyə yeni təchizat mənbələrindən yararlanmaq imkanı gətirə bilər.
Avropa Komissiyasının Enerji Direktorluğunun baş direktorunun müavini Klaus-Dieter Borchardt deyib ki, Cənub Qaz Dəhlizi yalnız Azərbaycanın deyil, layihədə hazırda təmsil olunan bütün üzvlərin və gələcəkdə bu dəhlizlə öz enerji resurslarının yeni bazarlara ixracında maraqlı olacaq istənilən ölkənin uzunmüddətli və dayanıqlı inkişafı ilə bağlı məqsədlərinə töhfə verəcək bir layihədir. Açıq dənizlərə çıxışı olmayan Azərbaycanın böyük bir coğrafiyanı əhatə edən bu qlobal təşəbbüsünün daim beynəlxalq dəstəklə tam əhatə olunması da Cənub Qaz Dəhlizinin bütün tərəflərin maraqlarının təmin olunmasına və qarşılıqlı faydalı qlobal əməkdaşlıq mühitinin yaradılmasına əsaslanan bir məqsədi izləməsinin göstəricisidir. TAP-ın, beləliklə də Cənub Qaz Dəhlizinin, qrafikə uyğun başa çatdırılması çox vacibdir. Layihənin ilin sonuna kimi istismara verilməsi bütün tərəflər öz qüvvələrini səfərbər edib, uğurlu əməkdaşlıq modeli yaradılıb. Cənub Qaz Dəhlizi vasitəsilə 7 ölkə və çoxsaylı şirkətlərdən ibarət çoxtərəfli əməkdaşlıq formatı isə layihənin nəinki vaxtında yekunlaşmasını, həm də davamlı inkişafa xidmətini, ölkələrarası münasibətlərin möhkəmlənməsini təmin etmək iqtidarındadır.
O qeyd edib ki, Cənub Qaz Dəhlizi siyasi uzlaşma, güclü tərəfdaşlıq, davamlı dəstəklə yanaşı böyük maliyyə vəsaiti tələb edən nəhəng infrastruktur layihəsidir. Layihə maliyyə problemi olmadan, xərclərin səmərəliliyi yüksək səviyyədə təmin edilməklə həyata keçirilir. Cənub Qaz Dəhlizinin digər bir uğuru layihə çərçivəsində görülən işlərdə xeyli sayda insanın məşğulluq probleminin həllidir. Ona görə də Cənub Qaz Dəhlizi yalnız enerji təhlükəsizliyinin elementi yox, həm də böyük bir məkanda iqtisadi və sosial inkişafın güclü hərəkətverici qüvvəsidir. Bu layihə Avropanın enerji təhlükəsizliyinin təmin olunması və qaz təchizatının şaxələndirilməsində mühüm rol oynayacaq.
Türkiyənin Energetika və Təbii Sərvətlər nazirinin müavini Alparslan Bayraktar Azərbaycan-Türkiyə qardaşlığının və strateji tərəfdaşlığının nəticələri olan enerji-kommunikasiya layihələri - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi Cənub Qaz Dəhlizinin, TANAP-ın əhəmiyyətindən danışıb. Bildirib ki, TANAP layihəsi Avropaya qaz nəqli üçün artıq hazırdır. Türkiyə 2018-ci il iyulun 1-dən indiyə kimi TANAP vasitəsilə 4,4 milyard kubmetr qaz alıb. Bu il həmin həcmin 6 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.
İtaliyanın İqtisadi İnkişaf nazirinin müavini xanım Alessandra Todde deyib ki, Cənub Qaz Dəhlizinin başlanma nöqtəsi Azərbaycandırsa, onun bitmə nöqtəsi isə hələlik İtaliyadır. Azərbaycan və İtaliya aralarında 5 ölkəni birləşdirən bu dəhlizin mühüm tərəfləridir. Cənub Qaz Dəhlizi, xüsusilə də TAP Azərbaycan-İtaliya dostluğunun təzahürü, enerji əməkdaşlığının zirvəsidir. Azərbaycan və İtaliya təbii qazın nəqli ilə aparıcı ölkələr arasında qərarlaşacaqlar.
Qeyd edib ki, Azərbaycan Prezidentinin bu günlərdə İtaliyaya dövlət səfərində TAP layihəsinə, onun regional və qlobal əhəmiyyətinə yüksək səviyyədə verilən qiymətin şahidi olduq. İtaliya Prezidentinin Sercio Mattarella TAP-ın icrasının sürətlənməsinə xüsusi dəstək ifadə edir. TAP layihəsinin yekunlaşması ilə Azərbaycan qazı İtaliyaya nəql ediləcək ki, bu da Avropa İttifaqı enerji siyasətinin əsası olan marşrutların və mənbələrin şaxələndirilməsi üçün mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, TAP İtaliya ilə Azərbaycan arasında əlaqələrin daha da inkişafına, həmçinin Xəzər dənizi və Aralıq dənizi regionlarında sabitliyin qorunmasına töhfə verəcək.
ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Kurt Donelli qeyd edib ki, ABŞ Azərbaycanın enerji siyasətinə güclü və davamlı siyasi dəstək göstərir. Azərbaycan-ABŞ münasibətlərində enerji sektoru həmişə strateji əhəmiyyət daşıyıb. ABŞ Azərbaycanın enerji ilə bağlı bütün təşəbbüslərində qətiyyətli tərəfdaşı olub. ABŞ Cənub Qaz Dəhlizinin uğurla yekun fazaya daxil olmasına yüksək və davamlı dəstək nümayiş etdirir. Cənub Qaz Dəhlizi enerji sahəsində ABŞ-Azərbaycan əməkdaşlığının zirvəsidir.
Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Azərbaycan dünya enerji bazarında etibarlı neft və qaz təchizatçısı kimi tanınması, enerji təhlükəsizliyinin təminatçısı kimi çıxış etməsində Azərbaycan-Böyük Britaniya əlaqələrindən, enerji sahəsində tərəfdaşlıq münasibətlərinin uğurlu nəticələrindən danışıb. O deyib ki, Xəzər regionunu Avropa ilə birbaşa bağlayacaq Cənub Qaz Dəhlizinin icrasında BP-nin operatorluq etdiyi layihələr üzrə işlər həmişə sürətli gedişatı ilə fərqlənib. Böyük Britaniyanın Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarında mütəmadi olaraq yüksək səviyyədə təmsil olunması bu layihəyə vacib siyasi dəstəyin nümunəsidir.
Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf üzrə naziri xanım Natela Turnava qeyd edib ki, Cənub Qaz Dəhlizi Gürcüstanın qaza tələbatını ödəyəcək. Bununla yanaşı, tranzit imkanlara fayda verəcək.
Yunanıstanın Ətraf Mühit, Enerji və İqlim Dəyişikliyi nazirinin müavini Gerassimos Tomas deyib ki, Yunanıstan TAP qaz boru kəmərinin təməlinin qoyulduğu ölkədir. Hazırda kəmərin Yunanıstandan keçən hissəsi üzrə işlərin icrası yüksək səviyyədədir. TAP Yunanıstanın enerji təchizatı ilə bərabər iqtisadi inkişafını, yeni iş yerlərinin açılmasını təmin edən bir layihədir. Yunanıstan təxminən 1 milyard kubmetr “Şahdəniz” qazı alacaq.
Bolqarıstanın Energetika naziri Temenujka Petkova 2021-ci ildə Azərbaycan qazını nəql edəcəyini deyib. Türkmənistan Prezidentinin müşaviri Yaxşıgəldi Kakayev, Serbiyanın Mədən və Energetika naziri Aleksandr Antiç, Monteneqronun Enerji Tənzimləmə Agentliyinin Qaz, Neft və Lisenziyalaşdırma xidmətinin rəhbəri Zarko Juranoviç, Xorvatiyanın Ətraf Mühitin Mühafizəsi və Energetika nazirinin köməkçisi Domagon Validzic, Rumıniyanın İqtisadiyyat, Energetika və Biznes Mühiti nazirinin müavini Niculae Havrilet, Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin Enerji və İqlim Diplomatiyası Departamentinin direktor müavini Felix Moldovan isə Cənub Qaz Dəhlizinin əsas aparıcı tərəfi kimi Azərbaycanın strateji rolundan, layihənin Avropada enerji marşrutlarının və mənbələrinin şaxələndirilməsinə verəcəyi töhfələrin əhəmiyyətindən danışıblar. Bildirilib ki, Cənub Qaz Dəhlizi Avropa Komissiyasının Ümumi Maraqlar Layihəsi siyahısına daxil edilib. Cənub Qaz Dəhlizi yalnız enerji təchizatı, enerji təhlükəsizliyi layihəsi deyil, bütün tərəflər - hasilatçılar, tranzit ölkələr və istehlakçılar üçün faydalılıq, mənfəətlilik mənbəyidir.



Xəbərlər  Tarix:   29 Fev 2020 / 16:09


« Əvvəlki xəbər (3874 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR