“Kreativ Azərbaycan Könüllüləri” Hərəkatına üzv olmaq üçün qeydiyyata start verildi

Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli sərəncamı ilə 2020-ci il “Könüllülər ili” elan edilmişdir. Bu xüsusda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və “Kreativ Azərbaycan” portalı (creative.az) “Kreativ Azərbaycan Könüllüləri” Hərəkatının formalaşması prosesinə start verir.
Hərəkat çərçivəsində yaradıcı şəxslərin mədəniyyət və yaradıcı sənayelər sahəsində iştirakının gücləndirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi, bilik və bacarıqların daha da artırılması məqsədilə yaradıcı şəxslərin hərəkat halında təşkilatlanması, onlar üçün tematik bilik və təcrübə proqramlarının hazırlanması və həyata keçirilməsi, karyera proqramlarında iştirak, regionlarda yaşayan yaradıcı insanlar və incəsənət nümayəndələri ilə şəbəkələrin qurulması və birgə təcrübə mübadiləsi proqramlarının tərtib edilməsi planlaşdırılır.
Yaradıcılıq sahələrinin spesifik özəlliyi nəzərə alınmaqla, mühüm addımlardan biri kimi yaradıcılığın müxtəlif sahələrində nailiyyətlər qazanmış, böyük təcrübə sahibi olan yaşlı nəslin tanınmış nümayəndələrinin könüllü əsaslarla öz təcrübələrini bölüşmələri üçün xüsusi proqramların hazırlanması da nəzərdə tutulur. “Kreativ Azərbaycan Könüllüləri” Hərəkatında iştirak üçün heç bir yaş məhdudiyyəti yoxdur. Hərəkatın özünəməxsusluğu və fərqliliyi burada təmsil olunan könüllülərin yaradıcılığın müxtəlif istiqamətləri üzrə (yazıçı, şair, rəssam, musiqiçi, sənətkar, dizayner, memar, kinematoqraf, fotoqraf, createch mütəxəssisi və s.) yaradıcı qabiliyyətə və istedada malik olmalarıdır.
Bu Hərəkat gələcək könüllülərə peşəkar inkişafa, Nazirliyin genişmiqyaslı fəaliyyətində yaxından iştirak etməyə, ölkəmizdə yaradıcı sənayelərin inkişafına yönəlmiş “Kreativ Azərbaycan” prosesinin bir hissəsi olmağa, eləcə də yaradıcı təhsil sisteminin təkmilləşməsinə töhfə verməyə böyük imkan yaradacaqdır.
Onu da qeyd etmək lazımdır ki, “Kreativ Azərbaycan” portalı Mədəniyyət Nazirliyi tərəfindən sahəvi inkişaf proseslərinə dair aktiv təbliğat və dəstək işlərinin aparılması üçün 2019-cu ildə yaradılıb. Portalda şəbəkələşmə imkanları, müxtəlif növ xəbərlər, tədbirlər, bu sahədə fəaliyyət göstərən şirkətlər və s. haqqında məlumatlar əks olunub.
“Kreativ Azərbaycan Könüllüləri” Hərəkatına üzv olmaq üçün 4 mart 2020-ci il tarixindən etibarən qeydiyyata start verilir.
"Kreativ Azərbaycan Könüllüləri" Hərəkatına üzvlük üçün qeydiyyat forması:
Ссылка
Qeydiyyat üçün son tarix 31 mart 2020-ci ildir.



Xəbərlər  Tarix:   4 Mart 2020 / 18:27


« Əvvəlki xəbər (3821 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR