Dövrümüzün aktual məsələlərindən biri - İntihar

Hələ XX əsrin 30-cu illərində tanınmış psixoanalitiklər, bu sahənin mütəxəssisləri qeyd edirdilər ki, "elmi baxımdan intihar problemi izaholunmaz olaraq qalır. Nə tibet müdrikliyi, nə də kliniki psixopatalogiya bu problemin nə səbəblərini, nə də empirik həllini tapa bilmir". Artıq XXI əsrin 20-ci ilidir və buna cavab hələ də ya yoxdur və ya yetərli deyil.
Günümüzün reallığı nədir? Əfsuslar olsun ki, hər gün bu və ya digər xəbər saytlarında, telekanallarda, radio dalğalarında intihar xəbərlərini eşidirik. Qeyd etmək lazımdır ki, intihar özü-özlüyündə mürəkkəb bir anlayışdır və hazırda bütün dünyanı narahat edir. Yerli və beynəlxalq təşkilatlar bu istiqamətdə bir sıra işlər görür.
Sentyabrın 10-u bir qayda olaraq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qərarı ilə hər il intiharlara qarşı mübarizə günü kimi qeyd edilir. Ümumdünya Səhiyyə Təşkilatı intiharların qarşısının alınması ilə əlaqədar beynəlxalq assosiasiyanın sponsorluğu ilə hər il beynəlxalq xarakterli aksiyalar da həyata keçirir. ÜST-ün ekspertlərinin fikrincə, intihar problemi artıq bütün dünyada qlobal xarakter daşıyır. Müxtəlif statistik məlumatlara görə dünyada intiharlar nəticəsində ölənlərin sayı müharibə nəticəsində ölənlərdən çoxdur.
Tədqiqatçılar qeyd edirlər ki, intihar (suisid) hallarının 60%-i yaz-yay, payız aylarında baş verir və intiharın əsas səbəbini (70%-ni) depressiya təşkil edir. Ümumiyyətlə, depressiya keçirən insanların 15%-i intihar edir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatları göstərir ki, intiharların daha çox iqtisadi və sosial baxımdan yoxsul ölkələrdə baş verməsinə baxmayaraq istisnalar da mövcuddur. Məsələn, Latın Amerikasının və Yaxın Şərqin bir çox "yoxsul" ölkələrində intiharların səviyyəsi Qərbi Avropanın "zəngin" dövlətlərinə nisbətən yetərincə aşağıdır. İqtisadi baxımdan inkişaf səviyyəsi ilə irəlidə gedən Baltikyanı ölkələrdə, Finlandiya və Macarıstanda intihar səviyyəsi ümumi Avropa göstəricisindən xeyli yüksəkdir. Ada dövlətlərində, məsələn, Kubada, Yaponiyada, Şri-Lankda, Mavrikidə və digərlərində intiharların səviyəsi inanılmaz dərəcədə yüksəkdir.
İntiharla din arasında bir asılılıq da var. Əksər islam ölkələrində intihar sayı demək olar ki, sıfıra bərabərdir, təxminən, 100 min adama 0,1 intihar sayı düşür. Əhalisinin daha çox hissəsi xristianlığa və ya induizmə tapınan ölkələrdə intihar səviyyəsi yetərincə yüksəkdir. Xristian dövlətlərindən hər 100 min əhaliyə 11,2 intihar, Hindistanda isə uyğun olaraq 9,6 intihar halı düşür. Buddist ölkələrdə bu göstərici daha yüksəkdir - 100 min adama 17,6 intihar halı qeydə alınır. Maraqlıdır ki, Çin kimi ateist dövlətdə bu göstərici 25,6-ya bərabərdir. Xristian və buddistlər arasında özünü öldürən kişilərin sayı özünü öldürən qadınlardan 3,5 dəfə çoxdur, müsəlman və induistlərdə isə bu fərq 3 dəfə aşağıdır. Ancaq dini inanclar heç də mütləq meyar deyil. Katolik İrlandiyada intihar halı katolik İtaliyaya nisbətən üç dəfə çoxdur. Protestantların çox olduğu Böyük Britaniyada isə intihar halı keçmiş müstəmləkəsi Avstraliyaya nisbətən iki dəfə yüksəkdir. Bütün bu ölkələr həyat səviyyəsinə və başqa göstəricilərinə görə bərabərdirlər.
Ümumdünya Səhiyyə Təşkilatı intiharın (suisidin) 800 səbəbini göstərmişdir. Bunlardan 41%-i “məlum deyil”, 19%-i “cəzalanmanın qorxusuna”, 18%-I “ruhi xəstəliyə”, 18%-i “evdəki məhrumiyyətlərə”, 6%-i “ehtirasa”, 3%-i “pul itkisinə”, 1,4% -i “həyatdan doyduğuna”, 1,2%-i “fiziki xəstəliyə” görə intiharları qeyd etmək olar. Bu göstərilənlər səbəblərin hamısını əks etdirmir və nəzərə almaq lazımdır ki, insanların yaşına görə də onların özünü öldürmə səbəbləri müxtəlifdir. Məsələn, 16 və 16 yaşa qədər olan insanlar arasında öz məhəbbətinə cavab almadığı və ya xəyanətlə üzləşdiyi səbəbindən intihar halları daha çoxluq təşkil etdiyi halda, 25 yaşdan sonra bu səbəbdən intihar edən insanların sayı çox azdır. İntihar edənlər arasında müxtəlif təbəqələrin nümayəndələrinin statistikası da xeyli diqqət çəkir. Belə ki, özünü öldürənlərin arasında məktəbli və yeniyetmə, ailədə məişət zorakılığının qurbanları (bunların arasında qadın, uşaq, hətta kişilər də var), əlil, təqaüdçü, ruhi xəstə, hərbçi, məhbus və digərləri vardır.
Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanda da intihar hallarına rast gəlinir. Son zamanlar isə intihar hallarının gəncləşməsi, yəni uşaqlar və gənclər arasında suisid hallarının daha çox baş verməsi narahatedici məsələlərdəndir. İntihar hallarına bütün yaş qruplarında rast gəlinir. Səbəblər də müxtəlifdir. Bura psixoloji, sosioloji, bioloji, ailə-məişət faktorları, genetik problemlərin olması aiddir. Sözsüzki, insanın harada yaşamasından asılı olmayaraq, onun üzləşdiyi problemlər, xüsusilə, sosial – psixoloji problemlər demək olar ki, eynidir. Mütəxəssislər bu fikirdədir ki, 10-11 yaşlı uşaq hələ ölümlə həyatı bir-birindən tam ayıra bilmir, bu iki anlayışın sərhədlərini müəyyən etmək qabiliyyətində deyil. Onlar ölümü tam mənası ilə dərk etmədikləri üçün bəzən ətrafındakıların diqqət cəlb etmək üçün intihara əl atırlar. Buna görə də, 10-11 yaşlı uşaqların intiharı bir çox hallarda, birmənalı şəkildə, ölümə cəhd kimi qiymətləndirilmir. Əksər hallarda, 13 yaşına qədər olan uşaqların özünəqəsdə əl atmasının əsas səbəbi yaxınlarının ona hansı hisslər bəslədiklərini bilmək marağıdır. Valideyni tərəfindən aldığı hansısa bir kiçik töhmətə görə uşaq yalnız anasını qorxutmaq və ya azacıq cəzalandırmaq naminə atdığı addımın sonunun nə ilə bitəcəyini tam dərk etməyərək, intihara əl ata bilər. Buna görə də, uşaqlara qarşı davranışlarda həmişə çox ehtiyatlı olmaq lazımdır.
Bu yaşa qədər olan uşaqlar arasında intiharın digər səbəbləri sırasında ailələrin dağılması, fiziki və seksual zorakılıq, komplekslər mühüm yer tutur. 14 yaşda intihara cəhdin səbəbləri də dəyişir. Bu yaş qrupunda artıq ilk cavabsız sevgi belə ölümə yol aça bilər. Qarşı tərəfə öz hisslərini bildirməyin bir yolunun da məhz özünəqəsddən keçdiyini düşünən uşaqlar az deyil. Burada eyni zamanda internet resurslarının dırnaq arası rolu da qeyd olunmalıdır. Belə ki, uşaqların bir sıra oyunlar oynaması və ya virtual məkandan asılılığı bir çox hallarda intiharlarla nəticələnir. 16-20 yaş qrupunda olanlar arasında intihar o zaman seçilir ki, həyat mənasını itirmiş olsun. Qarşılaşdıqları çətinliklərlə mübarizə apara bilməyən, həyatının belə davam edəcəyindən qorxanlara ölüm ən asan çıxış yolu kimi görünür. Dah yuxarı yaş qrupları arasında isə intiharın səbəbləri sırasında ailə münaqişəsi, qısqanclıq, məişət zorakılığı, sosial və maddi çətinliklər, ruhi və başqa sağalmaz xəstəliklər, spirtli içki və narkotik vasitələrdən sui-istifadə və digər səbəbləri göstərmək olar.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünüöldürmə həddinə çatdırma) ilə məsuliyyətə cəlb olunma nəzərdə tutulmuşdur. Lakin reallıqda belə məsələlərin nəticəsi bir qədər fərqli alınır. Belə ki, intihar hadisəsi qeydə alınan kimi, 125-ci maddə ilə cinayət işinə başlanılır. Lakin bu maddə ciddi sübuta yetirilməni tələb edir. Çox vaxt insanları özünüöldürmə cinayətinə sövq edən amillər onların əhatəsində - ailəsi, qohumları və ya iş yerləri ilə bağlı olur. Ona görə də, özünü öldürən insanın əhatəsi bu cinayətin üstünün açılmasına maraq göstərmir. Beləliklə də, 125-ci maddə ilə açılan cinayət işi sonradan iş prosesində digər maddələrlə əvəz olunur.
İntihar hallarının azalması üçün əsasən maarifləndirmə işləri aparılmalıdır. Burada, müxtəlif vasitələrdən istifadə oluna bilər. Fikrimizcə, ilk növbədə KİV-də intihar xəbərləri verilərkən çox diqqətli olmaq lazımdır. Bu xəbər elə verilməlidir ki, insan bu addımdan çəkinsin. Lakin bəzi hallarda bu xəbər elə bir formatda verilir ki, insanda maraq oyanır, onu cəlb edir. Digər tərəfdən zorakılıq və ölüm səhnələrini əks etdirən seriallara, verlişlərə qadağa qoyulmalı və ya senzuradan keçməlidir.
Bir çox ailələrdə ünsiyyət probleminin olması da keçid yaş dövrünü yaşayan uşaqlarda psixoloji çətinliklər yaradır. Bunun qarşısının alınması üçün məktəb psixoloqunun valideynlərlə mütəmadi olaraq işləməsi zərurəti yaranır. Valideynlər üçün xüsusi maarifləndirici seminarların keçirilməsi, sosial çarxların hazırlanaraq telekanallarda yayımlanması məqsədə müvafiq olardı. Digər bir məsələ isə insanların, xüsusilə, uşaq və gənclərin çox vaxt keçirdiyi internetdə “həyat”, “ölüm” və s. ilə bağlı yazıların, video çarxların olmasıdır. Bəzən belə məlumatlar onların düşüncələrini alt-üst edir, həyatlarını arzuolunmaz istiqamətə yönəldir, gələcəyə olan arzu və ümidlərini puç edir, həyat eşqlərini söndürür. Ən pis halda isə, bütün problemlərdən qurtulmaqda intiharın ən “düzgün” seçim olduğu beyinlərə həkk olur. Bu mənada uşaqların və gənclərin asudə vaxtının təşkil edilməsi çox önəmlidir. Onların hansı məşğuliyyətlərə maraq göstərməsini müəyyən etmək və ya belə maraqların yaranması üçün lazım olan şərait və vasitələrdən istifadə etmək çox vacib işdir. Çünki, onların özlərini ifadə və təsdiq edə biləcəkləri məşğuliyyətlərə cəlb olunması yalnız müsbət nəticələr verə bilər.
İnformasiya və Analitik-araşdırmalar şöbəsinin baş məsləhətçisi
Aynur Veysəlova-Abbasova



Xəbərlər  Tarix:   14 Sen 2020 / 11:47


« Əvvəlki xəbər (3469 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR