Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin rəhbəri Fuad İsmayılov COVID-19 pandemiyasının insanların psixoloji sağlamlığına təsiri haqqında danışdı

Tibb elmləri doktoru, professor Fuad İsmayılov verdiyi müsahibənin əvvəlində COVID-19 pandemiyasının insanların nəinki həyat və sağlamlığı üçün təhlükə yaratdığını, hətta hər kəsi olduqca çətin psixoloji vəziyyətə saldığını qeyd edib. Onun fikrinə görə, özünütəcrid rejimi insanların həm gündəlik həyat tərzlərini dəyişdi, həm də onların psixoloji qeyri-sabitliyini üzə çıxarıb. Bundan sonra professor Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesusun 28 avqust 2020-ci il keçirilmiş brifinq zamanı qeyd etdiyi məqamı xatırlatdı. O, COVID-19 virusunun yaratdığı narahatlıq və qorxu milyonlarla insanın ruhi sağlamlığına mənfi təsir etməyini vurğulayıb, pandemiya səbəbindən qarşılıqlı sosial əlaqələrin çatışmazlığının insan psixikasına dərin mənfi təsir göstərdiyini xüsusi vurğulayıb. Belə vəziyyətdə əsas simptomlar sırasında sayıqlama əlaməti seçilir və hal-hazırda koronaviruslu xəstələrdə də tez-tez müşahidə edilməkdədir.

Müsahibəsini davam etdirən tibb elmləri doktoru, professor Fuad İsmayılov hal-hazırda rəhbərlik etdiyi mərkəzə psixoloji yardım üçün müraciət edən insanların sayı artmaqda olduğunu və müraciət edən xəstələrdə müxtəlif psixoloji və psixiatrik pozuntular müşahidə olunduğunu söylədi. Məsələn, kəskin stress reaksiyası və depressiya sindromlarından əziyyət çəkən xəstələr öz həyatlarını itirməkdən qorxur, özlərini "stres halında" saxlayır. Bundan başqa, professor yoluxma qorxusu artdığına görə müraciət edənlərin arasında obsessiv – kompulsiv pozuntuların artması müşahidə olunduğunu vurğulayıb. Davam edərək, Fuad İsmayılov panik ataklar və generalizə olunmuş təşviş pozuntuları, sosiallaşmanın az olması, ailədaxili münaqişələri, gələcəyin qarşısında qorxuları olan xəstələrdən danışıb. Bundan əlavə, posttravmatik stress pozuntularını yaşayan xəstələrın sayı da az deyil. Tibb elmləri doktorunun sözlərinə görə, bu xəstəlikləri ən kəskin şəkildə keçirənlər COVID-19 yoluxmuş insanlar və yaxınlarıdır. 65 və yuxarı yaş qrupuna gəldikdə isə, F. İsmayılov dedi ki, onlarda da depressiya və tənhalıq hissi müşahidə olunub, çünki ciddi karantin rejimində özünü təcrid olunmuş hesab edib və yaxınları ilə görüşə bilməyib. Psixoloji sarsıntı keçirmiş ən böyük qrup isə həkimlər və tibb personalından ibarət olduğunu bildirən professor səhiyyə işçilərinin streslərə daha az davamlı olduqlarını vurğulayıb.

Daha sonra professor F. İsmayılov bildirib ki, Psixi Sağlamlıq Mərkəzində əhaliyə bütün pozuntularla bağlı ixtisaslaşmış ambulator müalicə: diaqnostik, psixiatrik, psixoloji və psixososial yardım göstərilir. Mərkəzin rəhbəri bu xidmətləri göstərmək üçün tibb müasissəsində 4 müxtəlif profil üzrə iş aparan şöbələr fəaliyyət göstərdiyi haqda danışıb.

Belə ki, Müalicə Konsultativ Şöbəsinin əsas funksiyası psixi xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikasından ibarətdir. Bura həm üzvi mənşəli pozuntular, həm şizofreniya, həm şəxsiyyət pozuntuları ilə əlaqədar müraciətlər olunur. Fuad İsmayılov haqqında məlumat verdiyi növbəti şöbə Təcili Psixoloji Yardım Şöbəsi olub. Bura psixoloji problemlər, kəskin stress reaksiyaları, depressiyalar, posttravmatik stress pozuntuları (PTSP), təşviş pozuntuları, obsessiv-kompulsiv pozuntuları olan insanlar müraciət edir. Bundan sonra Psixi Sağlamlıq Mərkəzinin rəhbəri Psixososial Reabilitasiya Şöbəsindən söhbət açıb. Onun əsas iş profili psixi xəstəliklərdən əziyyət çəkən insanlara cəmiyyətdə sərbəst şəkildə fəaliyyət göstərməyə yardım etməkdən ibarətdir. Azərbaycanda ilk dəfə tətbiq edilən psixososial reabilitasiya prosesinin ən vacib məqamlardan biri də terapiyaların 3 dildə keçirilməsidir: Azərbaycan, Rus və İngilis. Professor Fuad İsmayılov Psixi Sağlamlıq Mərkəzinin şöbələri haqqında məlumatı Gündüz Stasionarı Şöbəsi haqqında danışmaqla yekunlaşdırdı. Bu şöbənin əsas iş istiqaməti gecə-gündüz müşahidəyə və müalicəyə ehtiyacı olmayan, lakin gündüz stasionar şəraitə yaxın müalicə-diaqnostika köməyinə ehtiyacı olan psixi pozuntulu şəxslərə yardım etməyə yönəldilib.

Psixi Sağlamlıq Mərkəzinin rəhbəri, tibb elmləri doktoru, professor Fuad İsmayılov müsahibəsini rəhbərlik etdiyi tibb ocağında xüsusi qaynar xəttin xidmət göstərdiyi haqda məlumat verməklə bitirib. Onun dediyi kimi, “İnam Telefonu” (012 566 50 61, 012 566 39 36) adlandırılan bu xidmət növü insanların həyatlarında çətinliklərə qalib gəlmək üçün ödənişsiz psixoloji yardım alması üçün yaradılmışdır. “Hər gün bu qaynar xəttə çoxlu sayda zənglər daxil olur və mütəxəssislər tərəfindən qəbul olunur. Müraciət etmiş insanlara psixoloji yardım göstərilir, onlara baş verənlərə başqa prizmadan baxmaq üçün yollar göstərilir və ümumi psixiloji dəstək təqdim olunur” – deyə, professor fikrini tamamlayıb.



Xəbərlər  Tarix:   16 Sen 2020 / 23:27


« Əvvəlki xəbər (3448 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR