Akademik İsa Həbibbəyli Türkiyənin “Yeni şafak” qəzetinə müsahibə verib

AMEA-nın birinci vitse-prezidenti, millət vəkili, akademik İsa Həbibbəyli Qarabağın işğaldan azad olunması ilə başlanan Vətən müharibəsində qazanılan şanlı zəfərlə əlaqədar qardaş Türkiyənin “Yeni şafak” qəzetinə “Naxçıvan koridoru - Yeni ipək yolu” adlı geniş müsahibə verib.
Müsahibə qəzetin həm çap, həm də elektron versiyasında yayımlanıb. Akademik İsa Həbibbəyli Qarabağın yaxın tarixi, orada ermənilərin XIX əsrin əvvəllərində məskunlaşdırılması, 1923-cü ildə bolşevik hökuməti tərəfindən süni şəkildə yaradılan Dağlıq Qarabağ Muxtar Vilayətinin mahiyyəti haqqında danışıb. O, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə qazanılan zəfərin Azərbaycan tarixinin ən şərəfli hadisələrindən biri olduğunu vurğulayıb: “Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Dağlıq Qarabağın və ətraf rayonların qəhrəman Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilməsi Azərbaycanın çoxəsrlik tarixinin ən şərəfli və ən böyük hadisəsidir. Bu tarixi hadisə ilə cənab İlham Əliyev Azərbaycan tarixinə Müzəffər Ali Baş Komandan və Qalib Prezident kimi daxil olmuşdur. Bu qələbə ilk növbədə Qalib Ali Baş Komandan İlham Əliyevin, qəhrəman Azərbaycan ordusunun və xalqımızın möhtəşəm birliyinin zəfəridir”.
Akademik İsa Həbibbəyli Azərbaycan-Türkiyə birliyinin və qardaşlığının Vətən müharibəsində bəşər tarixi üçün nümunə ola biləcək sarsılmaz bir səviyyəyə çatdığını diqqətə çatdırıb. Üçtərəfli imzalanan bəyanata əsasən Naxçıvana açılacaq koridoru Azərbaycan və Türkiyə üçün yeni İpək yolu adlandıran akademik İsa Həbibbəyli bu yolun böyük strateji əhəmiyyətə malik olduğunu vurğulayıb. “Nəqliyyat dəhlizinin açılması 30 ilə yaxındır ki, ağır blokada şəraitində yaşayan Naxçıvanın bu məngənədən çıxması və daha da inkişaf etdirilməsinə şərait yaradacaq. Eyni zamanda Naxçıvan nəqliyyat dəhlizinin yaradılması Azərbaycan-Türkiyə əlaqələrinin, ölkələrarası yük və sərnişin daşımaları üçün əlavə geniş imkanların dövriyyəyə girməsi deməkdir. Türkiyə Cümhuriyyətinin lap bu günlərdə çoxdan bəri gündəmdə olan Bakı-Tbilisi-Qars dəmir yolunun Qarsdan-İğdır və Sədərək-Dilucu vasitəsilə Naxçıvana qədər çəkilişinə start verməsi Naxçıvan dəhlizinin qardaş Türkiyəyə və oradan da Avropaya qədər yol açacağını göstərir. Ona görə də Naxçıvan dəhlizini Azərbaycanın və Türkiyənin yeni bir İpək yolu adlandırmaq olar”.
Müsahibənin sonunda akademik İsa Həbibbəyli Azərbaycan və Türkiyənin bundan sonra Qarabağın bərpa edilməsində birlik, bərabərlik və qarşılıqlı etimad əsasında addımlayacağına inamını ifadə edib.
“Yeni şafak” qəzeti, həmçinin Vətən müharibəsinin müxtəlif məqamlarını əks etdirən çoxsaylı fotoları da Türkiyə oxucularına çatdırıb.



Xəbərlər  Tarix:   2 Dek 2020 / 12:37


« Əvvəlki xəbər (2981 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR