APOEL-in sabiq futbolçusu: "Qarabağ" hörmətəlayiq komandadır"

"İki il əvvəl bir mövsümdə "Qarabağ"la 4 dəfə üz-üzə gəlmişdim. Rəqib AEL-lə müqayisədə bahalı oyunçuları olan çox yaxşı komandadır. Amma futbolu pul oynamır. Sadəcə, sərmayə qoyurlar, yaxşı stadionları var. Həmin vaxt bizimlə qarşılaşana qədər uzun müddət məğlub olmamışdılar".
"Report"un məlumatına görə, bu fikirləri Kiprin APOEL klubunun sabiq futboçusu Giorqos Merkis yerli mətbuata açıqlamasında AEL-in "Qarabağ"a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin oyunları barədə danışarkən deyib.
Veteran müdafiəçi bildirib ki, AEL Ağdam təmsilçisi ilə matçlarda olduqca diqqəli oynamalıdır: "Qarabağ"ın Avropa təcrübəsi var. Bu səbəbdən, komanda böyük cəsarət sərgiləməli olacaq. Azərbaycan Türkiyə ilə qardaş ölkə olduğu üçün Kipr klubları ilə ev görüşləri zamanı tribunada fərqli atmosfer olur. Azarkeşlər Türkiyə ilə siyasi problemlərimizdən stimul kimi istifadə edirlər. Futbolçularımız peşəkar davranmalı, soyuqqanlı olmalı və bütün diqqətini meydana yönəltməlidir".
2019/2020 mövsümündə evdə "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları Çempionla Liqasının III təsnifat mərhələsinin ilk oyununu xatırlayan Kipr millisinin keçmiş üzvü səfərdə əzmkar qələbə sayəsində mərhələ adladıqlarını söyləyib: "Həmin oyun çox çətin alınmışdı. Daha əvvəl güclü komandalara qarşı oynadığımız üçün "Qarabağ"ı ciddiyə almamışdıq. Nəticədə rəqib ilk qarşılaşmada bizi cəzalandırdı. Hətta 3 və 4-cü qolları da vura bilərdilər. Xoşbəxtlikdən, bəxtimiz gətirdi və mən buraxılan toplardan birinin əvəzini çıxdım. Bu, cavab matçı öncəsi bizə inam gətirdi. Bakıda 2:0 hesabı ilə qalib gəlib mərhələ adladıq. Halbuki "Qarabağ" son illərdə evdə heç vaxt 2 top fərqi ilə uduzmamışdı".
"Qarabağ"ın əsas qol silahı olan Mahir Emrelinin ötən mövsümün sonunda komandanı tərk etdiyini deyən Merkis hazırkı heyətin də kifayət qədər güclü olduğunu vurğulayıb: "Buna baxmayaraq, heyətin özəyini qoruyub saxlaya biliblər. "Qarabağ" qiymətləndirilməməyə yox, hörmətəlayiq komandadır. Hər il avrokubokların qrupunda oynamaları təsadüfi deyil. AEL-in də üstün tərəfləri var. Nəticə üçün oynaya bildiklərini sübut ediblər. İstənilən halda, bu mərhələ komandamız üçün daha çətin olacaq".
Qeyd edək ki, "Qarabağ" AEL ilə ilk görüşünü avqustun 5-də səfərdə, cavab qarşılaşmasını avqustun 12-də evdə keçirəcək. Səfərdəki matç Bakı vaxtı ilə saat 21:00-da, Tofiq Bəhramov adına Respublika stadionundakı görüş isə saat 20:00-da başlayacaq



Xəbərlər  Tarix:   4 Avq 2021 / 13:30


« Əvvəlki xəbər (2186 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR