Abşeronda şəhid tankçıların xatirəsi əbədiləşdirilib

Abşeron rayonunda yerləşən N saylı hərbi hissədə şəhid tankçıların xatirəsi əbədiləşdirilib.
“Report”un xəbərinə görə, hərbi hissədə "Şəhidlər ölməzdir" adlı xatirə lövhəsinin açılış mərasimi keçirilib.
Xatirə lövhəsinə Birinci Qarabağ müharibəsinin şəhidi Albert Aqarunoviç Aqarunovun və Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş 20 tankçının fotoşəkilləri, adları həkk olunub.
Tədbirdə şəhid ailələri, yaxınları, hərbi birlik komandirinin müavini polkovnik Bilal Çompuzov, Qaradağ Rayon Polis İdarəsinin rəis müavini Yaşar İsayev, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak edib.
Əvvəlcə Dövlət himni səsləndirilib və Vətən uğrunda canlarından keçən qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, xatirə lövhəsinin qarşısına əklil və gül çələngləri qoyulub.
Daha sonra şəhid olan 20 tankçının keçdiyi döyüş yolundan, göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən danışılıb.
Şəhid ailələri çıxış edən zaman aparılan siyasətin şəhidlərimizə, Vətən Müharibəsi Qəhrəmanlarına, qazi və şəhid ailələrinə sonsuz ehtiramın nümunəsi olduğunu bildiriblər.
Qeyd edək ki, Vətən müharibəsində Abşeron rayonunda yerləşən N saylı hərbi hissənin 20 tankçısı - əsgər Əliyev Azər Elnur oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu (MAHHXHQ) əsgər Həsənov Namiq Rasim oğlu, gizir Xəlilov Nadir Ağadadaş oğlu, gizir Nəbiyev Çilingir Azad oğlu, gizir Əzizov Elvin Əfrail oğlu, gizir Sahratov Cavid Əlikömək oğlu, leytenant Nağıyev Murad Mayıl oğlu, baş leytenant Quluzadə Əlimərdan Fəttah oğlu, kapitan Abdurrahmanov Hafiz Xalid oğlu, baş leytenant Hüseynov Fərrux Baxış oğlu, baş leytenant Məmiyev Valeh İsbat oğlu, baş leytenant Rəsulzadə Təbriz Əfraim oğlu, baş leytenant Eminalıyev Orxan Eyvaz oğlu, baş leytenant Vəliyev İsmayıl Mehman oğlu, gizir Səmədov Səbuhi İbrahim oğlu, gizir Əhmədov Emil Bahadur oğlu, gizir Alıyev Vahid Abbas oğlu, MAHHXHQ əsgər Ağayev Ramiq Təhsin oğlu, MAHHXHQ əsgər Aydəmirov Beyrək Etibar oğlu, əsgər Nəfəsov Murad Ocaqdurdu oğlu şəhid olub.



Xəbərlər  Tarix:   27 Sen 2021 / 13:16


« Əvvəlki xəbər (1945 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR