Prezident: "Talış kəndinin işğaldan azad edilməsi uğurlu əməliyyatlarımız arasında xüsusi yerə malikdir"

"Talış kəndi düz bir il bundan əvvəl Azərbaycan Ordusu tərəfindən işğalçılardan azad edildi. Bir ildən sonra mən buradayam, Azərbaycan torpağında, azad edilmiş Talış kəndində və Azərbaycan bayrağını Talış kəndində ucaltmışam".
“Report” xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 3-də Tərtər rayonunun Talış kəndində Azərbaycan bayrağını ucaldan zaman deyib.
"Bir il bundan əvvəl burada şiddətli döyüşlər gedib, şəhidlərimiz olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Talış kəndinin işğaldan azad edilməsi uğurlu əməliyyatlarımız arasında xüsusi yerə malikdir. Çünki burada çox güclü istehkamlar qurulmuşdu, düşmən burada bir neçə müdafiə xətti qurmuşdu və əlbəttə ki, bizi buradan gözləyirdi. Bir çox əməliyyatlarda biz düşmənin gözləmədiyi yerlərdən əks-hücum etmişdik. Ancaq bu istiqamətdə, burada döyüş meydanı kifayət qədər ensizdir, kifayət qədər məhduddur, ona görə, təbii ki, düşmən bizi burada gözləyirdi və biz də gəldik, heç nəyə baxmadan gəldik. Qan tökərək, şəhidlər verərək gəldik, Talış və Suqovuşan kəndlərini düz bir il bundan əvvəl işğaldan azad etdik. Bu, bizə çox böyük strateji üstünlük verdi. Bu, bir daha göstərdi ki, Azərbaycan Ordusunun qabağında Ermənistan ordusu acizdir, dayana bilməz və Qələbə uzaqda deyil. Bu gün Azərbaycanın suverenliyi bu bölgədə tam təmin edilib, bir il ərzində böyük infrastruktur işləri görülüb. Əsas odur ki, burada Azərbaycan vətəndaşları sülh, əmin-amanlıq şəraitində yaşayacaqlar. Əlbəttə ki, biz Talış kəndini bərpa edəcəyik, buraya həyat qayıdacaqdır", - dövlət başçısı bildirib.



Xəbərlər  Tarix:   4 Okt 2021 / 11:45


« Əvvəlki xəbər (1923 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR