Hərbi Liseydə şəhid gizirin xatirəsi anılıb

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən şəhidlərin ruhlarına ehtiram məqsədilə “Şəhidlər ölməz – Vətən bölünməz!” tədbirlər silsiləsi çərçivəsində növbəti anım mərasimi keçirilib.
Azərbaycan Ordusunun şəhid giziri Ziyəddin Rəşidovun xatirəsinə həsr olunan anım mərasimində liseyin zabit, kursant, müəllim heyəti, şəhidin ailə üzvləri, dostları, döyüş yoldaşları, Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən mərasimdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra şəhid gizir Ziyəddin Rəşidovun ömür və döyüş yolundan bəhs edən videoçarx təqdim olunub.
Anım mərasimində çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli və qüdrətli sərkərdəliyindən, dövlət-xalq-ordu birliyinin gücündən, şəhid gizir Z.Rəşidovun şərəfli döyüş yolundan danışıblar.
Sonda şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.
Anım mərasimi Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblının solistlərinin ifasında qəhrəmanlığı və vətənpərvərliyi tərənnüm edən mahnı və marşlarla başa çatıb.



Xəbərlər  Tarix:   14 Okt 2021 / 14:40


« Əvvəlki xəbər (1876 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR