Müstəqilliyin Bərpası Gününə həsr olunan tədbirlər keçirildi

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Sanatoriyasında "18 Oktyabr - Müstəqilliyin Bərpası Günü"nə həsr olunan tədbirlər keçirildi.
Tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət Himni səsləndirildi.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində polkovnik Emin Səfərov çıxış edərək, ölkəmizin müstəqillik illərində əldə etdiyi uğurlardan söz açdı. Polkovnik bildirdi ki, 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü hər birimiz üçün qürur və iftixar dolu bir gündür. 30 il əvvəl ölkəmiz müstəqilliyinə qovuşdu. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olundu. Bununla da xalqımız bir əsrdə ikinci dəfə müstəqillik qazandı. Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində müstəqilliyimiz daha da möhkəmləndi. Təəssüflər olsun ki, 1992-1993-cü illərdə erməni işğalçıları ölkəmizin 20 faiz ərazisini işğal etdilər. Uzun illər torpaqlarımız qəsbkarların əlində qaldı. 27 sentyabr 2020-ci ildə erməni təxribatı nəticəsində Vətən müharibəsi başlandı. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində 28 illik işğala son qoydu. Qarabağı, həmçinin işğal olunmuş başqa ərazilərimizi erməni qəsbkarlarından azad etdi. Bu parlaq Qələbə xalqımızın qəhrəmanlıq tarixində əbədi qalacaq. Müstəqilliyimiz əbədi, əzəli yaşayacaq.
Çıxışlar başa çatandan sonra kursantlar İlkin Nəsibov, İbrahim Əliyev, Feyruz Məmmədov müstəqilliyimizə həsr olunan şeirlər söylədilər.
Bakı şəhər Mədəniyyət Baş İdarəsinin müğənniləri qəhrəmanlığı, vətənpərvərliyi və müstəqilliyimizi tərənnüm edən mahnılar ifa etdilər.
Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"
Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Sanatoriyasında keçirilən tədbirdə hərbi qulluqçular və veteranlar iştirak etdilər. Tədbirdə tibb xidməti polkovniki Elçin Abdullayev çıxış edərək çağdaş Azərbaycanın keçdiyi 30 illik tarixi yolundan danışdı. O, 1991-ci il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının indiyədək qorunub saxlanmasında xalqımızın xilaskarı Ümummilli Liderin misilsiz xidmətləri olduğunu qeyd etdi. "Müasir Azərbaycan dövlətçiliyinin memarı Heydər Əliyevdir. Ulu Öndər bütün şərəfli ömrünü Azərbaycanı dünyada tanıtmağa həsr etdi. Bütün gücünü, qüvvəsini dövlət quruculuğuna, dövlətçiliyimizi daha da möhkəmlətməyə yönəltdi. Nəticədə istəyinə nail oldu. Güclü, qüdrətli, yenilməz bir dövlət qurdu, tarixin səhifələrində heç vaxt pozulmayacaq, zamanlara sinə gərəcək dərin izlər qoydu. Müasir Azərbaycanın dövlətçilik tarixi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır".
Polkovnik Elçin Abdullayev, həmçinin qeyd etdi ki, Ulu Öndərin yolu bu gün onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı Azərbaycan Ordusunun müdafiə qabiliyyətinin daha da artırılmasını prioritet məsələ hesab edərək, bu istiqamətdə mühüm addımlar atdı. Nəticədə ordumuz gündən-günə daha da qüdrətlənərək, dünyanın ən güclü orduları sırasında yer alaraq torpaqlarımızı işğaldan azad etdi.
Tədbir tibb xidməti polkovnik-leytenantı Kamil Cəlilovun 44 günlük Vətən savaşında Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı xalq, dövlət, ordu birliyindən bəhs edən çıxışı ilə davam etdi.
Sonda tədbirdə çıxış edənlər ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı Pərviz Məmmədov, mayor Şahin Quliyev, Firəngiz Məmmədova, Sevda Tağıyeva, Şəlalə Əzizova Azərbaycanın Müstəqilliyinin Bərpası Gününün şanlı tarixindən söz açdılar.
Tədbir sənədli filmin nümayişi ilə başa çatdı.
Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"



Xəbərlər  Tarix:   20 Okt 2021 / 14:51


« Əvvəlki xəbər (1858 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR