ABA: Bank sektoru vergi ödəyicilərinin dövriyyələrinin “ağardılması”nda maraqlıdır

Dövlət Vergi Xidmətinin rəisi bank sektorunun nümayəndələri ilə görüşüb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli Azərbaycan Banklar Assosiasiyasının (ABA) üzvləri ilə görüşüb.Dövlət Vergi Xidmətindən verilən məlumata görə, görüşdə ABA və DVX rəhbərliyi, həmçinin ölkənin aparıcı banklarının nümayəndələri iştirak ediblər. DVX rəisi bildirib ki, görüşün əsas məqsədi bank sektorunda qarşıya çıxan praktiki məsələlərin daha ətraflı müzakirəsi, vergi qanunvericiliyi və inzibatçılığının formalaşdırılması istiqamətində birgə əməkdaşlıq etməkdir.
Məlumata görə, Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev bank sektorunun təmsilçiləri ilə baş tutan görüş üçün təşəkkürünü bildirib, qaldırılan bir çox məsələlərin təkcə bank sektoruna deyil, ümumilikdə “kölgə iqtisadiyyatı” ilə mübarizə kontekstində vergi ödəyicilərinin fəaliyyəti ilə bilavasitə bağlı olduğunu qeyd edib.
Görüşdə bank sektoru qarşısında duran bir sıra məsələlər, o cümlədən problemli kreditlər üzrə bankların balansına keçən əmlak və torpaq sahələrinin vergiyə cəlb olunması, DVX və banklar arasında hesabların açılması üzrə məlumat mübadiləsinin sadələşdirilməsi, borclu vergi ödəyicilərinin bank hesablarına sərəncamların tətbiqi, vergi qanunvericiliyində bank sektoru üçün sanksiyalar, mikrosahibkarların kreditləşdirilməsi prosesi, beynəlxalq vergitutma, ikiqat vergitutmanın aradan qaldırılması zamanı tətbiq olunan prosedurlar və s. məqamlar müzakirə edilib. Qeyd olunub ki, DVX ilə yanaşı, bank sektoru da vergi ödəyicilərinin şəffaf fəaliyyətində, dövriyyələrin “ağardılması”nda maraqlıdır və bu prosesdə dövlət-özəl sektor əməkdaşlığı yüksək qiymətləndirilir.
Orxan Nəzərli qaldırılan məsələlərlə bağlı DVX-nin mövqeyini açıqlayıb, bir sıra məqamlarla əlaqədar izahedici mövqelərin hazırlanması və banklara göndərilməsi razılaşdırılıb. Dövlət Vergi Xidmətinin rəis müavinləri Samirə Musayeva və İlkin Vəliyev, Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov, Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət Baş İdarəsinin rəisi Zaur Fətizadə, habelə DVX-nin digər rəhbər vəzifəli şəxsləri qaldırılmış məsələlərlə bağlı müvafiq şərhlər veriblər. Geniş və detallı müzakirəsi tələb olunan məsələlər barədə isə qurumlar arasında işçi qrupun yaradılması və birgə əməkdaşlıq çərçivəsində işlərin davam etdirilməsi qərara alınıb.
Görüş müzakirələrlə davam etdirilib, vergitutmanın müxtəlif aspektlərini əhatə edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Xəbərlər  Tarix:   6 May 2022 / 14:23


« Əvvəlki xəbər (1345 / 7294) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR

tyuttt 26 Noy 2024 / 16:36