Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammiti keçirilir


25 iyul 2022-ci il tarixində Bakı şəhərində Qoşulmama Hərəkatına üzv olan ölkələrdən olan Gənclərin Sammiti öz işinə başlayıb. Qoşulmama Hərəkatına üzv olan 60-dan çox ölkənin gənc nümayəndəsinin iştirak etdiyi Sammitin açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov qonaqları salamlayıb və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakçılara ünvanlanmış müraciətini səsləndirib.

Ölkə başçısının müraciətində bildirilib ki, Azərbaycanda gənclər siyasətinə müstəsna əhəmiyyət verilir və hazırda ölkəmizdə keçirilməkdə olan bu tədbir Hərəkat ölkələrinin gəncləri arasında əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcək. Prezidentin müraciətində, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyinə diqqət çəkilib və qeyd olunub ki, Hərəkata üzv ölkələrin yekdil qərarı ilə ölkəmizin QH-yə sədrliyinin bir il daha – 2023-cü ilin sonunadək uzadılması sədrliyimizin müvəffəqiyyətlə həyata keçirildiyinin və üzv dövlətlərin Azərbaycana etimadının bariz nümunəsidir.

Daha sonra BMT Baş Assambleyasının 76-cı sessiyasının sədri Abdulla Şahidin sammit iştirakçılarına videomüraciəti nümayiş edilib. Həmin videomüraciətdə Abdulla Şahid QH Gənclərinin Sammitini təşkil etdiyi üçün Azərbaycan sədrliyinə minnətdarlıq ifadə edib, xüsusən post-pandemiya dövründə gənclərin rolunun vurğulanmasının təqdirəlayiq hal olduğunu qeyd edib.

Açılış mərasimində, həmçinin Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin hazırkı sədri Orduxan Qəhrəmanzadə çıxış edib, ötən ilin noyabr ayında yaradılmış Şəbəkənin ötən müddət ərzində gördüyü işlər və gələcək planlardan bəhs edib.

Açılış sessiyasında Sammitin iştirakçıları və QH Gənclər Şəbəkəsinin üzvlərindən əlavə, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin müvafiq nümayəndələri, Milli Məclisin deputatları, QH-yə üzv ölkələrin Azərbaycan Respublikasında akkreditə olunmuş səfirləri, Azərbaycan Respublikasında fəaliyyət göstərən gənclər təşkilatlarının rəhbərləri, media nümayəndələri və sairə qonaqlar iştirak ediblər.

Daha sonra tədbirin proqramına uyğun olaraq, Qoşulmama Hərəkatına üzv ölkələrin gəncləri milli qismdə çıxışlar səsləndirib, yekun sənədləri müzakirə ediblər.

İyulun 29-dək davam edəcək Sammitin müxtəlif seqmentləri çərçivəsində iştirakçılar tədbirin yekun sənədlərini müzakirə edəcək, QH Modeli Simulyasiya məşğələsi, eləcə də təşkilatların effektiv idarə edilməsi barədə təlim sessiyasında iştirak edəcək, müxtəlif rəsmilərin iştirakı ilə panel müzakirələrə qatılacaq, təqdimatlar keçirəcəklər.



Xəbərlər  Tarix:   26 İyul 2022 / 13:18


« Əvvəlki xəbər (973 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR