Tələbə kreditinə müraciətlərin qəbulu davam edir

2022-2023-cü tədris ilinin birinci semestri üçün təhsil tələbə kreditinə müraciətlərin qəbulu davam edir. Abituriyent və tələbələr təhsil krediti almaq üçün notarial qaydada təsdiqlənmiş ərizə ilə elektron sistemə (www.e-ttkf.edu.az) müraciət edə bilərlər. Müraciətlərin qəbulu bayram günləri və həftəsonu da daxil olmaqla, hər gün həyata keçirilir.

Qeyd edək ki, bu, Təhsil Tələbə Kredit Fondu fəaliyyətə başladığı tarixdən etibarən sayca 3-cü semestr üçün aparılan sənəd qəbuludur. Bu müddət ərzində fonda daxil olan 11 000-dək elektron müraciət üzrə universitetlər tərəfindən təqdim edilən yerlərin sayına əsasən seçim meyarlarına uyğun gələn tələbələrlə ümumilikdə 6800-dən çox təhsil krediti müqaviləsi rəsmiləşdirilib və müvafiq vəsaitlər təhsil müəssisəsinə ödənilib.

Təhsil tələbə kreditinin verildiyi müddət tələbənin təhsil pilləsindən və təhsil səviyyəsindən asılıdır. Bu kredit dövlət dəstəyi ilə çox kiçik faizlərlə və uzun müddətə verilir. Belə ki, təhsil krediti ali təhsil pilləsinin bakalavriat səviyyəsində təhsil alan tələbəyə 14-21 il, magistratura səviyyəsində təhsil alan tələbəyə 12-18 il, orta ixtisas təhsili pilləsində və peşə təhsil pilləsinin subbakalavriat səviyyəsində təhsil alan tələbəyə 12-19 illik verilə bilir.
Təhsil tələbə krediti verilən zaman girov və zəmanət tələb olunmur. Təhsil tələbə kreditlərinin alınması üçün tələbə təhsil müəssisəsində əyani təhsil almalıdır. Sözügedən kredit hər semestr üzrə verilir və akademik borcu olanlar bundan yararlana bilməz. Təhsil müddətində tələbədən kredit geri tələb edilmir və faiz hesablanmır. Kreditə görə faizlərin hesablanmasında və kreditin qaytarılmasında təhsilin nəticələrindən asılı olaraq güzəştlər tətbiq olunur. Tələbə krediti məzun olduqdan və güzəşt dövrü bitdikdən sonra qaytarır.



Xəbərlər  Tarix:   28 İyul 2022 / 15:48


« Əvvəlki xəbər (931 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR