Tənzilə Rüstəmxanlı: “Diaspor Gənclərinin III Yay Düşərgəsinin Şuşada keçirilməsi möhtəşəm layihədir”

“Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Diaspor Gənclərinin III Yay Düşərgəsinin Şuşada keçirilməsi gözəl təşəbbüs və möhtəşəm layihədir”. Bu sözləri Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyib.
O, 2018-ci ildə Şəkidə keçirilən Diaspor Gənclərinin III Yay Düşərgəsində iştirak etdiyini xatırladıb: “Düşünürəm ki, belə layihələr sayəsində azərbaycanlı ailələrin xaricdə doğulan övladlarının doğma Vətənlə bağlılığı artacaq, Vətənin tanınmasında böyük rolu olacaq. Çünki gənclər ziyalılarla görüşəcək, onlardan suallarına cavab alacaqlar. Şuşa şəhərinin 2023-cü il üçün “Türk Dünyasının mədəniyyət paytaxtı” seçilməsi azad olunmuş Qarabağ torpağının böyük bir sevgi ilə dünyaya tanıdılması baxımından əhəmiyyətlidir. Bu gənclərin kökü Azərbaycana bağlı olsa da, onlar bircə dəfə də olsun, Şuşada olmayıblar. Onların Şuşaya gəlməsi, belə bir tədbirdə iştirak etməsi, yay düşərgəsinin Şuşada keçirilməsi bu gənclərin vətənpərvər ruhda böyüməsini gücləndirməyə xidmət edir”.
T.Rüstəmxanlı Diasporla İş üzrə Dövlət Komitəsinin gənclərlə bağlı layihələrini yüksək qiymətləndirdiyini söyləyib: “Əlbəttə, böyük zəfərimizin, böyük qələbəmizin mahiyyətinin praktiki olaraq Şuşada o gənclərə aşılanması və hansı qurbanlar hesabına qazanılmasının göstərilməsi çox önəmlidir. Bu layihəni həyata keçirənlərə, əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. Uzun illər diaspor fəaliyyəti ilə məşğul olan bir insan kimi bunun nə qədər qiymətli olduğunu bilirəm”.
Qeyd edək ki, “Diaspor Gənclərinin III Yay Düşərgəsi” Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə 2022-ci ilin 2-8 avqust tarixlərində "Şuşa İli" çərçivəsində Azərbaycan mədəniyyətinin incisi olan Şuşa şəhərində təşkil ediləcək. Düşərgənin tərəfdaşları Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Dövlət Turizm Agentliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsidir.



Xəbərlər  Tarix:   30 İyul 2022 / 13:57


« Əvvəlki xəbər (851 / 7292) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR