Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb

Avqustun 17-də dünya şöhrətli müğənni, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 80-ci ildönümü günündə Mədəniyyət Nazirliyinin rəsmiləri, respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri birinci Fəxri xiyabana gələrək unudulmaz sənətkarın məzarını ziyarət ediblər.
Mədəniyyət naziri Anar Kərimov Müslüm Maqomayevin Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən söz açıb: "Müslüm Maqomayev tək Azərbaycan üçün deyil, bütün dünya üçün töhfələr vermiş şəxsiyyətlərdəndir. O, peşəkar müğənni olmaqla yanaşı, həm də gözəl insan idi. Bu gün biz onun xatirəsini hörmətlə yad edirik. O, hər zaman Azərbaycan xalqının qəlbində yaşayır və yaşayacaqdır".
Sənətkarın ömür-gün yoldaşı, SSRİ Xalq artisti, məşhur opera müğənnisi Tamara Sinyavskaya Müslüm Maqomayevin daima xatirələrdə yaşayacağını bildirib, onunla bağlı xatirələrini bölüşüb.
Tədbirdə çıxış edən digər natiqlər də Müslüm Maqomayevin şərəfli ömür yolundan, bənzərsiz yaradıcılığından söz açıblar.
Bildirilib ki, on dörd yaşında doğma şəhəri Bakıda dənizçilər klubunda çıxış edən Müslüm Maqomayev ilk uğurunu 1962-ci ildə qazanıb. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya Festivalına yollanan Müslüm oradan medalla qayıdıb. Bu münasibətlə populyar “Oqonyok” jurnalı onun portretini və “Bakılı gənc dünyanı fəth edir” sərlövhəli məqalə dərc edib.
Müslüm Maqomayev XX əsrin 60-cı illərində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub, Milanın dünyaşöhrətli “La Skala” teatrında təcrübə keçib.
Ötən əsrin 60-70-ci illərində Müslüm Maqomayevin məşhurluğunun həddi-hüdudu yox idi. Konsert salonlarındakı yerlər azlıq etdiyindən o, stadionlarda minlərlə dinləyici qarşısında çıxış edir, daim qastrol səfərlərində olurdu. Mahnıları yazılan vallar çox böyük tirajla buraxılırdı. Məhz buna görə də onu sovet estradasının son yarım əsrdəki ən parlaq ulduzu, kralı, rəmzi adlandırırlar. Keçmiş SSRİ-də klassik opera ariyalarını estradaya məhz Müslüm Maqomayev gətirib. Təsadüfi deyil ki, o, 31 yaşında SSRİ Xalq artisti fəxri adına layiq görülüb.
Qeyd edilib ki, dünyaşöhrətli müğənninin repertuarında 600-dək əsər var. O həm də gözəl mahnılar müəllifidir. Müslum Maqomayevin ecazkar səslə ifa etdiyi mahnıların sırasında dahi Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin qəzəllərinə bəstələdiyi “Sənsiz” və “Sevgili canan” romanslarının xüsusi yeri var. Ona görə ki, burada üç dahi sənətkarımızın - şair, bəstəkar və müğənninin ruhu görüşür. Onu da etiraf etmək yerinə düşər ki, bu romanslar Müslümə qədər korifey sənətkarların ifasında səslənib. Amma o, bu romanslara elə çalarlar, elə bənzərsiz intonasiyalar gətirdi, elə sevgi ilə yanaşdı ki, onları fərqləndirməyi, özününküləşdirməyi bacardı, fəlsəfi yüksəkliyə qaldırdı.
Onun Xalq şairi Nəbi Xəzrinin sözlərinə bəstələdiyi və dillər əzbəri olan, vətənimizin himni kimi əzəmətli səslənən "Azərbaycan" mahnısı da ölkəmizə ithaf olunmuş ən gözəl əsərlərdəndir. Müğənni həm də “Oxuyur Müslüm Maqomayev”, “Nizami”, “Moskva notlarda” filmlərində çəkilib.
Diqqətə çatdırılıb ki, Müslüm Maqomayevin xatirəsi və qoyub getdiyi zəngin irs daima yaşayacaqdır.



Xəbərlər  Tarix:   18 Avq 2022 / 14:57


« Əvvəlki xəbər (663 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR