24 saat fəaliyyət göstərəcək “Qadın Dəstək Xətti” xidməti yaradılıb

2010-cu ildən “Uşaq Qaynar Xətti” kimi fəaliyyət göstərən 116-111 qısa nömrəsinə artıq qadınlar da müraciət edə biləcək.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Ümidli Gələcək” Gənclər Təşkilatı və “Azercell Telekom” MMC-nin dəstəyi ilə yaradılan “Qadın Dəstək Xətti” xidməti psixoloji dəstəyə ehtiyacı olan, böhran və sosial təhlükəli vəziyyətdə yaşayan, məişət zorakılığı ilə üzləşən qadınlara dəstək istiqamətində fəaliyyət göstərəcək.
Dəstək xəttinin yaradılmasının əsas məqsədlərindən biri məişət zorakılığı ilə mübarizə istiqamətində effektiv psixoloji, emosional və sosial dəstəyin göstərilməsi, zorakılıq qurbanlarının reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üçün günün istənilən saatında müvafiq köməyin göstərilməsidir.
“Qadın Dəstək Xətti”nə müraciət edənlər peşəkar işçi heyəti tərəfindən hüquqi, tibbi xidmətlərə çıxış, məşğulluqla bağlı məlumatlandırılacaq, onların ailə və yaşayış şəraitinin qiymətləndirilməsi əsasında sosial dəstəklə təmin olunacaqlar. Eləcə də mərkəzin psixoloqları, sosial işçi və hüquqşünasları tərəfindən icma əsaslı hüquq klinikalarına, reabilitasiya mərkəzlərinə, sığınacaqlara yönləndiriləcək, hüquqi məsləhətlə təmin ediləcəklər. Zəruri hallarda müvafiq dövlət qurumları, yerli strukturlar və sosial xidmət müəssisələri ilə əməkdaşlıq çərçivəsində müraciətlərin həllinə nail olunacaq.
Qeyd edək ki, “Qadın Dəstək Xətti” xidməti 2010-cu ildən bəri “Azercell”-in əsas tərəfdaşlığı ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti” ilə əməkdaşlıq çərçivəsində çalışacaq.
Bundan əlavə “Uşaq Qaynar Xətti” və “Qadın Dəstək Xətti”-nə (050) 680 22 80, (051) 580 22 80, (051) 880 11 80, (051) 880 22 80 mobil nömrələri, elektron poçt (ushaqqaynarxetti@gmail.com), “Facebook” (https://www.facebook.com/AzerbaijanChildHelpline) və “İnstagram” (@usaqqaynarxetti) sosial şəbəkələrindəki səhifələr, mərkəzin saytındakı (https://childhelpline.az/index.php/az/ ) canlı çat və “uşaqqaynarxetti” mobil əlavəsi vasitəsilə müraciət etmək olar.



Xəbərlər  Tarix:   24 Avq 2022 / 14:00


« Əvvəlki xəbər (572 / 7294) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR

tyuttt 26 Noy 2024 / 16:36