11 il əvvəl törədilərək bağlı qalmış daha bir qətl hadisəsinin üstü açılıb

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyi Penitensiar Xidməti əməkdaşlarının birgə fəaliyyəti nəticəsində əvvəlki illərdən bağlı qalmış daha bir xüsusilə ağır-qəsdən adam öldürmə cinayətinin üstünün açılması təmin edilib.
Belə ki, 2011-ci il oktyabrın 31-də paytaxtın Xətai rayonu, NZS qəsəbəsi ərazisində yerləşən yaşayış binasının blokunda 1974-cü il təvəllüdlü Qurbanov İlkin Samir oğlunun üzərində zorakılıq əlamətlərinin izləri ilə meyitinin aşkar olunması faktı ilə bağlı cinayət işi başlanıb istintaq aparılsa da, cinayəti törətmiş şəxsi (şəxsləri) müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılıb.
Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən cinayət işi yenidən öyrənildikdən sonra iş üzrə icraat təzələnib.
Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində 1985-ci il təvəllüdlü Salahov Əhəd Bəxtiyar oğlunun yaxın dostluq, eyni zamanda qohumluq əlaqələri olan Firudin Məmmədovun zərərçəkmiş şəxslə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış münaqişənin gedişində sonuncunun bilavasitə sifarişi və köməkliyi ilə qabaqcadan birgə hazırladıqları plana uyğun olaraq 2011-ci il oktyabrın 31-də saat 23 radələrində İlkin Qurbanovun evinin yaxınlığında bıçaqla ona çoxsaylı xəsarətlər yetirib öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa istintaq materiallarına əsasən hadisədən qısa müddət sonra, yəni həmin il noyabrın 4-də Firudin Məmmədov Bakı şəhəri, Xocalı prospektində avtomaşında sol dirsək oynağının ön səthini iti kəsici alətlə kəsərək intihar edib.
2022-ci il avqustun 24-də Əhəd Salahov Cinayət Məcəlləsinin 120.2.5-ci (sifarişlə qəsdən adam öldürmə) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub.
Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir.



Xəbərlər  Tarix:   26 Avq 2022 / 16:17


« Əvvəlki xəbər (513 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR