"İntihar edən yeniyetmələrin valideynlərini cəzalandırmaq lazımdır" - Psixoloq

Xəbər verdiyimiz kimi ötən gecə Xırdalan şəhərində intihar hadisəsi baş verib. 2006-cı il təvəllüdlü S.Səlimov (şərti soyadlı) şəhərin Heydər Əliyev prospektində yerləşən çoxmərtəbəli binanın 15-ci mərtəbəsindən özünü atıb. 17 yaşlı oğlan hadisə yerində vəfat edib.
İlkin araşdırmalar zamanı məlum olub ki, S.Səlimov orta məktəbin 11-ci sinif şagirdi olub və bir neçə gün əvvəl buraxılış imtahanı verib. Dünən imtahanın nəticələri açıqlanarkən o, gözlədiyindən az bal toplayıb. Daha sonra o, həyatına qəsd edib.
Bununla bağlı Sonxeber.az-a danışan klinik-psixoloq Vəfa Rəşidova Dəmir bildirib ki, hər il bu problemlə üzləşirik:
"Abituriyentlər istədiyi nəticəni əldə etmədikdə özünü yüksək mərtəbədən atır və yaxud da başqa intihar üsullarına əl atırlar. Bu özünü cəzalandırma sayılır. Yeniyetmələri intihara sövq edən səbəblər var. Çox təəssüf ki, valideynlər uşaqlarını professor, həkim və hüquqşünas kimi görmək istəyindən və inadından əl çəkmirlər. Nə qədər ki, valideyinlər övladlarına "kreslo" arxasında oturmaq anlayışını aşılayacaq bu problem davam edəcək. Valideynlər bu düşüncələrinin dəyişdiyi zaman intiharların da sayı azalacaq. İnsanlar ele başa düşür ki, kreslo arxasında oturmaq və müdir vəzifəsinə yüksəlmək birdən-birə olur. Valideynlər uşaqlarına bunu aşılamamalıdır. Universiteti bitirən kimi heç kim müdir olub, milyonlar qazanmır. Nə zaman ki, valideynlərin bu fikri dəyişməyib, abituriyentlərin intihar xəbərlərini hələ çox eşidəcəyik".
Psixoloq onu da qeyd edir ki, bu gün valideynləri maraqlandıran məsələ övladının imtahandan yüksək bal toplaması və bununla da qohumlarının yanında başının uca olmasıdır:
"Bu övladı düşünmək deyil, valideyn eqosudur. Yəni təki valideyn qohumlarının yanında başı uca gəzsin. Təəssüf ki, bir çox valideynləri övladının nə istədiyini, hanı ixtisası arzuladığı maraqlandırmır. Ona görə də bu gün Azərbaycanda öz ixtisasının peşəkarı olan insan azdır. Hətta barmaqla sayılacaq qədərdir desəm, daha düzgün olar. Bu gün cəmiyyət vəkillərin və psixoloqların əlindən əziyyət çəkir.
Valideynlər övladlarına o qədər basqı edirlər ki, nəticə zəif olanda yeniyetmələr üçün intihar qaçılmaz olur. Hər bir valideyn imtahana hazırlaşan övladına diqqət və qayğı ilə yanaşmalıdır. Bu gün bir yeniyetmə intihar edirsə, kimi cəzalandırmaq lazımdır? Təbii ki, ailə üzvlərini. İntihar edən bir çox yeniyetmələr "lazımsızam", "başarısızam", " mən onların dediklərini edə bilmədim" fikirləri ilə özünü cəmiyyətdə artıq hiss edir. Bir yerdə uğursuzluq varsa, burada valideylərin də rolu böyükdür. İmtahan qabağı valideynlər ele davranmalıdır ki, uşaqlar stressdən əziyyət çəkməsin".
Mehriban Xəlilli



Xəbərlər  Tarix:   20 Apr 2023 / 15:42


« Əvvəlki xəbər (19 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR