Azərbaycanda 3 günlük iş sistemi tətbiq oluna bilər - AÇIQLAMA

Azərbaycanda koronavirusa yoluxanların sayı 4000-i, ölənlərin sayı 40-ı keçib. Yoluxma dinamikası artdığı üçün Operativ Qərargahın dünən keçirilən brifiqində 2 həftə karantin rejiminin sərtləşdirilməsi ilə bağlı xəbərdarlıq edilib. Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilə bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev iki həftə öncə də sərt karantin rejiminə keçməli olduğumuzu dediyini xatırladıb:
"18 yaşına qədər uşaqların və 65 yaşdan yuxarı şəxslərin 2 həftə evdən çıxmasına qadağa qoyulmalıdır. Çünki onların getməli olduqları zəruri yerləri yoxdur. Dərslər bağlıdır, evdən onlayn dərslərini keçirlər. Yaşlı insanların da yəqin ki, çörək və dərman almağa kimisə var. Olmasa da, qonşusundan xahiş edə bilər ki, ona gündəlik ehtiyac duyduqlarını alsın.
Mümkün qədər insan təmaslarını azaltmalıyıq. Bununla yanaşı, sürüşkən iş qrafikinə keçmək, yaxud iş həftəsini azaltmaq olar. Bizim məqsədimiz odur ki, insan təması azalsın. Bunun üçün də müxtəlif variantlar mövcuddur. Operativ Qərargah istədiyini seçə bilər".
Deputat vurğulayıb ki, həftədə iki gün karantin rejimi sərtləşdirilir:
"Biz bunu 3 gün edə bilərik. Yaxud həftədə 3 gün iş günü edib, 3 gündə də "sms icazə" sistemini tətbiq etmək olar. Bundan əlavə, avtobusların sayını artırmaq lazımdır.
Vaksin hələ tapılmayıb. Əlimizdə olan imkanlar bunlardır: maska taxılsın, sosial məsafə qorunsun və dezinfeksiya məhlullarından istifadə edilsin. Maskadan düzgün istifadə olunmur. Çox adam görüntü və cərimə edilməmək üçün maska taxır. Təəssüf ki, şüurlu şəkildə bu xəstəliyə yanaşma hələ də formalaşmayıb. Sosial məsafə də gözlənilmir. İstənilən yerə müşahidə üçün getsəniz, görərsiniz ki, marketlərdə, apteklərdə, bazarlarda və avtobus dayanacaqlarında 2 metrlik məsafə gözlənilmir. Buna görə də yoluxma ehtimalı artır. Dezinfeksiya məhlullarından daha çox yaz və yay aylarında istifadə olunurdu. Buna görə də bütün yük dövlətin üzərinə düşür. Sərt karantin rejiminə keçməklə və daha çox yoluxma olan rayonlarda qapadılmaya getməklə xəstəliyin yayılmasının qarşısını ala bilərik. Çünki artıq klinikalarda yer yoxdur, təcili tibbi yardım çatdıra bilmir. Evdə müalicə olunanlarla bağlı real statistika yoxdur. Ona görə də yaxşı olar ki, Operativ Qərargah, yaz-yay aylarında olduğu kimi, hər gün statistik nəticələrlə bağlı brifinqlər keçirib, vəziyyətlə bağlı əhalini məlumatlandırsın".
Aysel Yusifqızı



Xəbərlər  Tarix:   3 Dek 2020 / 16:17


« Əvvəlki xəbər (1007 / 5326) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR