AMEA: "İqlimin Günəş aktivliyindən asılılığı Xəzərin səviyyəsinə böyük təsir göstərir"

"Xəzər dənizi bütöv bir geosistemdir, burada müxtəlif proseslər və amillər qarşılıqlı əlaqədə olurlar. Dənizin səviyyəsinin tərəddüdünü tədqiq etmək, onun səbəblərini araşdırmaq, gələcəkdə səviyyənin necə dəyişəcəyini proqnozlaşdırmaq üçün bu amillərin təsiri mütləq nəzərə alınmalıdır". AMEA-nın əməkdaşı, dosent Həsən Nəbiyev “İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, hazırda iqlimşünaslar-hidroloqlarla geoloqlar arasında bu sahədə fikir ayrılıqları mövcuddur: "Bu səbəbdən Xəzərin səviyyəsinin dəyişməsinin tədqiqində 2 əsas istiqamət yaranıb. Bu da iqlim və geoloji amillərdir. Xəzər dənizi üçün çoxillik, mövsümi və qısamüddətli tərəddüdlər xarakterikdir. Bu tərəddüdlər insanların təsərrüfat fəaliyyətini xeyli mürəkkəbləşdirir".
H.Nəbiyevin sözlərinə görə, hazırda Azərbaycanın dağlıq rayonlarında - Kiçik və Böyük Qafqazda intensiv yağışlar yağır və sel olur: "Bunun birbaşa Xəzər səviyyəsinə təsirini müəyyən etmək üçün səviyyə ilə meridional və zonal proseslər arasında əlaqələrə diqqət yetirmək vacibdir. Günəş aktivliyi və atmosfer proseslərinin inteqral əyriləri ilə Xəzərin səviyyəsinin inteqral ǝyriləri tutuşdurulmalıdır. Bununla biz Xəzərin səviyyəsinin artıb - azalma tendensiyasını müəyyən edə bilərik".
"1929, 1959-cu illər və digər vaxtlarda başlayan qalxma dövrlərində meridional proseslərin artmasına baxmayaraq Xəzərin səviyyəsi enməkdə davam edib. Belə fikrə gəlmək olar ki, Xəzərin çoxillik tərəddüdündə müşahidə olunan (ümumi enmə tendensiyasında) kiçik piklər iqlimlə atmosfer dövranı ilə bağlıdır. Enmə və qalxmanın böyük kəmiyyətlərində iqlimlə geoloji səbəbləri birgə araşdırmaq lazımdır. İqlimşünaslar, hidroloqlar belə hesab edirlər ki, Xəzərin səviyyəsinin dəyişməsi ona tökülən çayların hövzələrində baş verən iqlim dəyişmələri ilə sıx bağlıdır. Onlar adətən su balansının tərkib hissələrin çay axımını, dəniz akvatoriyasında düşən yağıntını, səthdən buxarlanmanı tədqiq etməyə üstünlük verirlər.
Müasir təsəvvürlərə görə Xəzər dənizinin səviyyəsinin tərəddüdü iqlim şəraitinin dəyişməsidir. Bunun da formalaşmasına Günəş aktivliyi böyük təsir göstərir. Günəş aktivliyinin çoxalması müxtəlif enliklər arasındakı temperatur fərqinin artmasına, atmosfer dövranının güclənməsinə səbəb olur. Beləliklə, iqlimin Günəş aktivliyindən asılılığı Xəzər dənizi səviyyəsinə böyük təsir göstərir. Amma 1977-ci ildən indiyə qədərki artımı iqlim dəyişmələri ilə əlaqələndirmək olmaz. Tədqiqat göstərdi ki, Günəş aktivliyinin zəifləməsi Xəzərin səviyyəsinin qalxması ilə üst-üstə düşür. Bu hal bir daha göstərir ki, Günəş aktivliyi Xəzər səviyyəsinə iqlim şəraiti tərəfdən yox, hansısa başqa bir yolla təsir göstərir" - dosent əlavə edib.



Xəbərlər  Tarix:   5 İyul 2022 / 16:29


« Əvvəlki xəbər (1072 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR