İmişlidə şəhidlərin xatirəsinə inşa edilən fəvvarənin açılışı olub

İmişli regional ədliyyə idarəsinin binası qarşısında şəhidlərin xatirəsinə inşa edilən fəvvarənin açılışı olub.
AZƏRTAC -ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimində regional ədliyyə idarəsinin rəisi İsgəndər Orucov və yurisdiksiya üzrə yerli ədliyyə qurumlarının kollektivləri, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, deputat Razi Nurullayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Əvvəlcə şəhidlərimizin, o cümlədən oktyabrın 21-də şəhadətinin ildönümü olan Ədliyyə Nazirliyinin əməkdaşı şəhid Ruhin Xəlilovun xatirəsi ehtiramla yad edilib.
Sonra şəhidlərin əziz xatirəsinə inşa edilmiş fəvvarənin şəhid ataları Tədbir Quliyev və Xaliq Səfərovun iştirakı ilə açılışı olub. İstifadəyə verilən fəvvarənin ətrafına gül dəstələri düzülüb.
İdarə rəisi, İmişli rayon rəhbərliyi, deputat və şəhid ataları çıxışlarında tədbirin önəmindən, şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısından söhbət açıblar.
Tədbir şəhidlərin xatirəsinə həsr edilən toplantı ilə davam edib. İmişli regional ədliyyə idarəsinin inzibati binasında Ulu öndər Heydər Əliyevin büstünün və şəhid ədliyyə işçisi R.Xəlilova həsr olunmuş stendin önünə gül dəstələri düzülüb.
Çıxışlarda şəhidlərimizin Vətən uğrunda qəhrəmanlıqlarından, canları bahasına qazanılan Qələbədən danışılıb, onların əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı bildirilib.
Tədbirdə iştirak edən şəhid ailələrinə və qazilərə regional idarə tərəfindən xatirə hədiyyələri təqdim olunub.



Xəbərlər  Tarix:   21 Okt 2022 / 11:00


« Əvvəlki xəbər (154 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR