Dövlət Sosial Müdafiə Fondunda Moldova nümayəndə heyəti ilə görüş olub



Nümayəndə heyəti Fondun fəaliyyəti, habelə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi ilə tanış olublar
Ölkəmizdə səfərdə olan Moldovanın əmək və sosial müdafiə naziri Marçel Spatarın rəhbərlik etdiyi nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində olublar.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov qonaqları qeyd edilən qurumların fəaliyyəti ilə tanış edib.
Dövlət Sosial Müdafiə Fondunda keçirilən görüşdə ölkəmizdə son illər sığorta-pensiya sistemində aparılan islahatlar, sosial ödənişlərin artırılması istiqamətində atılan ardıcıl addımlar barədə məlumat verilib. 2019-cu ildən sosial ödənişlərin proaktiv təyinat mexanizmlərinin qurulduğu diqqətə çatdırılıb. Sığorta-pensiya sahəsində islahatlarla bağlı təcrübə mübadiləsi aparılıb.
Nazirliyin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə gələn nümayəndə heyətinə Mərkəzin 121 nəfərlik auditoriumdan, müxtəlif peşə-yaradıcılıq otaq və studiyalardan, kitabxanadan, inzibati otaqlardan, yeməkxanadan ibarət olduğu bildirilib. Burada əlilliyi olan şəxslər və digər həssas qrupların yaradıcı potensialının inkişaf etdirilməsi və cəmiyyətə təqdim edilməsi istiqamətində görülən işlər qeyd edilib. Moldova nümayəndə heyəti mərkəzdəki təlim və yaradıcılıq prosesini izləyiblər.
Qonaqlara DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi tərəfindən icra olunan elektronlaşma proqramı, əmək, məşğulluq, sosial müdafiə sahələrində son illər qurulan rəqəmsal infrastruktur barədə məlumat verilib. Nümayəndə heyəti xidmətlərin avtomatlaşdırılması və proaktiv formada təqdim olunması sahəsində Mərkəzin təcrübəsi ilə tanış olublar.



Xəbərlər  Tarix:   21 Okt 2022 / 11:09


« Əvvəlki xəbər (152 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR