Azərbaycan rəssamlıq məktəbinin tanınmış nümayəndəsi Gülarə Məcidova vəfat edib

Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir.
Azərbaycan rəngkarlıq məktəbinin görkəmli nümayəndəsi Gülarə Məcidova 2020-ci il mart ayının 12-də ömrünün 77-ci ilində vəfat etmişdir.
Gülarə Həsən qızı Məcidova 31 oktyabr 1943-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, 1963-cü ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbini, 1972-ci ildə isə M.A.Əliyev adına İncəsənət İnstitutunu bitirmişdir.
Milli rəssamlığımızın zəngin ənənələrini öz uzunillik yaradıcılığında əks etdirən Gülarə Məcidova təsviri sənətimizin inkişafı yolunda yorulmadan çalışan tanınmış fırça ustası idi. Onun məharətlə yaratdığı əsərlər Azərbaycan rəssamlıq məktəbinə ölkəmizin hüdudlarından kənarda da şöhrət qazandırmışdır. “Kənd həyəti”, “Baharın gəlişi”, “Buzovnada məhəllə”, “İçərişəhərdə günorta” adlı tablolar onun Doğma Vətəninə olan sonsuz məhəbbətin təzahürüdür.
Eyni zamanda Gülarə Məcidova sevimli qəhrəmanı qadın idi. O, “Orta əsr.Azərbaycan qadını”, “Kənd toyu” əsərləri ilə istedadlı və gözəl xanımlarımızın obrazlarını yaradaraq, onların zəngin daxili mənəvi aləmini ustalıqla açıqlaya bilmişdir.
Gülarə Məcidova 1980-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olmuşdur. 1972-1995-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunda rəsm fənnini tədris etmişdir. 1980-ci ildən kimi mütəmadi olaraq Türkiyədə, Moskvada, Qazaxıstanda və başqa ölkələrdə keçirilən sərgilərdə, beynəlxalq Simpoziumlarda iştirak etmişdir. 2013-cü ildə fərdi yaradıcılıq sərgisini keçirmişdir. Respublika və beynəlxalq sərgilərin fəal iştirakçı olmuşdur.
Gülarə Məcidovanın əziz xatirəsi bütün sənətsevərlərin qəlbində əbədi yaşayacaqdır.
Allah rəhmət eləsin.



Xəbərlər  Tarix:   12 Mart 2020 / 18:56


« Əvvəlki xəbər (3703 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR