Gəncləri “udan” “Mavi Balina” – SENSASİON FAKTLAR

Son günlər Xırdalan şəhərində ard-arda baş verən yeniyetmə qızların intiharı hadisəsi özündə bir çox suallar yaratdı. Sosial şəbəkələrdə bu intihar hadisələri ilə bağlı müxtəlif iddialar irəli sürülür. Onu da qeyd edək ki hüquq muhafizə orqanları baş vermiş hadisələrə dərhal operativ reaksiya verdi, xüsusi istintaq qrupu baş vermiş hadisələrin istintaqını aparmaqla məşğuldur. Yəqin ki, ən qısa zamanda hadisələrin başvermə səbəbi ilə bağlı cəmiyyətə ətraflı məlumat veriləcək.
ugurmedia.AZ diqqətə çatdırır ki, bu qəbildən olan hadisələr əvvəlki illərdə də baş verib. 2019-cu il iyunun 19-da Şəki rayonunun Oxut kənd sakini, 2005-ci il təvəllüdlü Elgün Kəmran oğlu Məmmədli, 2017-ci il oktyabrın 15-də Şamaxının Xilmilli kəndində 16 yaşlı gənc, 2017-ci ilin dekabrın 4-də Ağdaş rayonu Nehrəxəlilli kənd sakini, 7-ci sinif şagirdi İsmayıl Adıgözəlov 2018-ci il iyunun 25-də Tovuz rayonunun Əlimərdanlı kənd sakini, 2004-cü il təvəllüdlü Heydər Mahmud oğlu Yusifov, 2019-cu il fevralın 9-da Kürdəxanı qəsəbəsində 16 yaşlı Əli Quluzadə və sair gənclər öz həyatlarına qıyaraq intihar etmişdilər. Bu gəncləri birləşdirən səbəb təkcə intiharla həyatlarına son verməsi deyil. Həm də onların intihar səbəbləri eynidir – “Mavi Balina” oyunu. İntihar edən yeniyetmələrin hər birinin ölümündən sonra yaxınlarının və ətrafında olan tanışların verdiyi məlumatdan aydın olur ki, bu yeniyetmələr “Mavi Balina” oyununun istifadəçiləri olub və sonda isə qurbana çevriliblər.
Bəs “Mavi Balina” oyunu nədir?
Qeyri-rəsmi məlumatlara əsasən, “Mavi balina”nı daha çox 9-15 yaşlı uşaq və yeniyetmələr oynayır. Bu oyunu oynadıqdan sonra intihara sürüklənən şəxslərlə bağlı statistik göstəricilər “Mavi balina”ya daha çox yuxarıda qeyd olunan yaşda olan şəxslərin maraq göstərdiyini təsdiqləyir.
Oyun 50 təlimatdan ibarətdir. “Mavi balina” ilk dəfə 2013-cü ildə “VKontakte” sosial şəbəkəsində “ölüm qrupu” adlı bir qrup vasitəsilə yayılmağa başlayıb. Məqsədi gəncləri cəlb etmək olub. “Mavi balina” oynayanlara ilk mərhələdə yüngül işlər tapşırılır, sonra getdikcə tapşırıqlar çətinləşir. Sonuncu göstəriş isə intiharla bağlı olur. Bu oyun səbəbindən ilk intihar 2015-ci ildə reallaşıb. Dünyanın bəzi ölkələrində bu səbəblərə görə həmin oyunların istifadəsi qadağandır.
Heç şübhəsiz ki son günlər baş verən intihar hadisələrinin də yaratdığı bulanıqlıq durulduqdan sonra altından “Mavi Balina” çıxacaq.
Bəs biz nə etməliyik?
Növbəti belə qurbanların bizim yaxınımızın olmaması, qurbana çevrilməmək üçün nə etməliyik. İlk olaraq onu qeyd edək ki, yeniyetmələrlə valideyinlər mütəmadi söhbət etməli, həmçinin yeniyetmələrin sosial şəbəkədən istifadələri də müəyyən çərçivədə valideyinləri tərəfindən nəzarətdə saxlanılmalı, zərərli tətbiqlərdən və oyundan istifadə etməmələri üçün nəzarət edilməlidir. Eyni zamanda bu sadaladıqlarımız məktəbdə müəllimlər tərəfindən də nəzarətdə saxlanılmalı, şagirdin hər hansı qeyri-adekvat hərəkəti olduğu halda valideynlərinə, lazım gəldikdə isə, hüquq muhafizə orqanlarına məlumat verilməlidir.
Unutmayaq ki, uşaqlar bizim gələcəyimizdir. Sağlam gənclərin formalaşması öz əlimizdədir. Sağlam gənclik sağlam gələcək, güclü dövlət deməkdir. Gələcəkdə daha da sağlam və güclü dövlət olmaq üçün bu günkü gəncliyimizin həm psixoloji, həm mənəvi, həm də fiziki sağlamlığına önəm verməliyik.
Bir məsələni də xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycan hüquq muhafizə orqanlarının əməyi nəticəsində son illər ölkəmizdə baş verən cinayət hadisələrinin sayı əhəmiyyətli dərəcədə azalıb. Baş verən cinayət hadisələri dərhal isti izlərlə aşkarlanır. Bu bir daha onu göstərir ki Azərbaycan hüquq muhafizə orqanları öz işinin peşəkarıdır. Dövlətin və xalqın keşiyində daim ayıq-sayıq dayanan hüquq muhafizə orqanları bir-biri ilə sıx əməkdaşlıq formasında fəaliyyət göstərir. Bu fəaliyyətin nəticəsidir ki bu gün ölkədə sabitlik və əmin-amanlıq hökm sürür.



Öz xəbərlərimiz  Tarix:   30 Sen 2023 / 18:58


« Əvvəlki xəbər (4 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR